Canni De Byazi: "Komanda çox yaxşı oynadı"

19:40 - 9 Sentyabr 2023

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Belçikaya 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:

- Dünən də dediyim kimi çox ağır oyun gözləyirdi bizi. 90 dəqiqə ərzində çox yaxşı, ağıllı oyun göstərdik. Yaxşı keyfiyyət var idi. Çox şeyi hələ də inkişaf etdirməliyik. Topu qabağa vurmamalıyıq. İmkanlardan yararlanıb, belə rəqiblərə qol vurmaq lazımdır. Komanda ümumilikdə yaxşı oynadı. Bundan da çoxuna layiq idik. Sevindirici hal odur ki, oyundan sonra federasiya prezidenti gəlib uşaqlarla görüşdü, hamıya öz təşəkkürünü bildirdi, dedi ki, oyundan çox razı qaldım.

- Əvəzetmədən meydana çıxan futbolçular oyunu gücləndirmədi. Siz necə düşünürsüz?

- Meydana daxil olanlar öz işlərini gördülər. Çıxanlar yorulduqları üçün əvəz edildilər. Rəqib bizi yormuşdu. Meydana daxil olanlar da xoşuma gəldi. Belə oyunlarda meydana sonradan daxil olmaq çox çətindir. Əsas odur ki, əvəzetmələrdən sonra komandanın oyununun keyfiyyəti aşağı düşmədi. Əvəzetmələr futbolçuların pis oynadıqlarına görə olmadı. Yorulmuşdular. İstəyirdik ki, oyuna güc qataq.

- Birinci hissənin sonlarında Rahil Məmmədovun yorulduğu hiss edilirdi. Niyə əvəzləmədiz onu?

- Rahil təcrübəlidir. Hava toplarında bizə belə oyunçu lazım idi. Bu mövsüm klubunda da bütün oyunlarda meydana çıxıb. Ona görə də onun təcrübəsi bizim üçün önəmli idi.

- Amin Seydiyev nəyə görə "23-lük"dən uzaqlaşdırıldı?

- Seydiyev bizimlədi. Amma bu oyun üçün onu seçməmişdim. Çünki, başqa xarakterə malik oyunçular lazım idi. Belçika fiziki cəhətdən güclü komandadır.

- Belçikanın 3-4 qol vuracağı gözlənilirdi. Amma qol epizodları bizdə daha çox oldu. Sizə neçə il təcrübə lazımdır ki, millimiz bu günkü qol fürsətlərindən istifadə edə bilsin?

- Sizin yerinizdə olsaydım, belə oyun gördüyüm üçün sevinərdim. Komanda çox yaxşı oynadı. Göstərdik ki, Belçika kimi milli ilə başabaş mübarizə apara bilirik. Bizə çox məşq etmək lazımdır. Bu gün 2002-ci il təvəllüdlü oyunçu medyana daxil oldu. Düzgün yoldayıq. Avstriya və İsveçlə görüşlərdə böyük səviyyə fərqi yox idi. Rəqibə hədiyyələr verirsənsə, nəticələr ağır ola bilər. Nəyəsə nail olmaq istəyiriksə, bu təcrübələrdən keçmək lazımdır. Səviyyəli futbolçuları olan güclü komandalara qarşı oynayırıq.

Mirbağırağa

Xəbər xətti