Emin Mahmudov: "Sabah meydana qələbə üçün çıxacağıq"

18:36 - 15 Oktyabr 2023

Azərbaycan millisinin kapitanı Emin Mahmudov AVRO-2024-ün seçmə mərhələ çərçivəsində Avstriyaya qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi sabah keçiriləcək oyunla bağlı danışıb. O, jurnalistlərin suallarını da cavablandırıb:

- İlk növbədə bizi yaxşı komandaya qarşı oyun gözləyir. İntensiv futbol oynayırlar. İstəyirik ki, yaxşı nəticələrin davamı gəlsin. Sabah meydana qələbə üçün çıxacağıq . Əlimizdən gələni edəcəyik.

- Özünü millidə uğur talismanı sayırsan? Oyunöncəsi mətbuat konfranslarına daim sən gəlirsən...

- Belə şeylərə inanmıram. Bəlkə də, kapitan olduğum üçün tez-tez gəlirəm, danışıram. Komandaya sözü mən çatdırıram.

- Milli uzun fasilədən sonra Tofiq Bəhramovda oynayacaq. Bu arenada oynamaq sizə necə təsir edəcək?

- Yaxşıdır ki, stadion şəhərin mərkəzindədir, azarkeş çox gələcək. Əsas odur ki, uğurlu olsun.

- Avstriyaya necə qalib gəlmək olar?

- Çox sıx oynamaqla. Bir-birimizə yaxın olmalıyıq. Çünki onlar yaxşı top saxlayır. Ara ötürmələrini yaxşı verirlər. Arxada top itirməməliyik. Səfərdə 1:4 hesabı ilə uduzanda, onlar topu bizdən alıb hücuma qoşulurdular. Çalışacağıq ki, rəqibə çox şans verməyək. Çətindir, Avstriya çox yaxşı komandadır. Amma çalışacağıq ki, yaxşı nəticə olsun.

Mirbağırağa

Xəbər xətti