Millimizin yarımmüdafiəçisi: "Hər oyuna xal qazanmaq üçün çıxırıq" - MÜSAHİBƏ

11:56 - 23 Oktyabr 2023

21 yaşlılardan ibarət yığma komandamızın və “Neftçi”nin yarımmüdafiəçisi, icarə əsasında Latviyada “Dauqavpils”in formasını geyinən Ramin Nəsirli Sporta.az saytına müsahibə verib.

- U-21 yığmasının heyətində iki matçda meydana çıxmışdın. Şimali İrlandiya və Lüksemburqa qarşı matçlar necə yadında qaldı?

- Hər iki matçı yaxşı səviyyədə keçirdik. Ancaq birinci matçda qol vəziyyətlərini dəyərləndirə bilmədik. Təəssüf ki, belə alındı. Yoxsa, daha yaxşı nəticə olardı. 

- Səncə, Şimali İrlandiya və Lüksemburqla görüşlərdən hansında milli daha yaxşı oynadı?

- Lüksemburqla matçda komandamız əsl əzmkarlıq göstərdi. Qalib gələcəyimizə inanırdım. Çünki bundan əvvəlki görüşdə də biz yaxşı oynamışdıq. Amma Şimali İrlandiya ilə görüşdə qol epizodlarından yararlanmağı bacarmamışdıq. 

- Bəs səncə, yığma komanda daha iddialı Ukrayna və İngiltərə ilə matçlarda nəyə ümid edəcək? Qrupda hansı pilləni tutmağı bacaracaqsız səncə?

- Biz hər oyuna xal qazanmaq üçün çıxırıq. Ukrayna və İngiltərə ilə görüşlərdə də xal qazanmağa çalışacağıq. Əlimizdən gələn qədər maksimum xal toplamaq istəyirik. Necə alınacağını oyunlar göstərəcək.

- Yığmanın Şimali İrlandiya və Lüksemburqla görüşlərində özünü yaxşı tərəfdən göstərə bildin. Səncə, bu matçlardakı performansın "Neftçi”nin məşqçilər korpusunun diqqətini çəkə bildi?

- Mən hər oyuna komandama xeyir vermək üçün çıxıram. Əgər komandaya nə cürsə, kömək edə bilirimsə, nə xoş mənə. Yəqin ki, “Neftçi”nin məşqçilər korpusu oyunları izləyirlər.

- Latviyayadakı karyeran necə gedir? Artıq icarə müddətinin bitməsinə az qalıb. Səncə, daha yaxşı ola bilərdi, yoxsa hazırki karyeran da pis sayılmamalıdı?

- İlk dəfədir ki, legioner həyatı yaşayıram. Bunun da öz çətinlikləri var. Anacq həmişə ölkəmi layiqincə təmsil etməyi düşünmüşəm. Mənim üçün ilk olan budur.  

- Qışdan sonra səni "Neftçi"nin əsas komandasında görəcəyik?

- Bunun üçün əlimdən gələni edəcəm. Ancaq yenə də, son qərar baş məşqçinindir. Mən özüm bunu çox istəyirəm.

Mirbağırağa

Xəbər xətti