Ötən ilin dekabrında Canni De Byazi ilə vidalaşan AFFA rəhbərliyi tanınmış şəxsi milliyə gətirmək istəyib.
Sportal.az xəbər verir ki, bu barədə Sportinfo.az-a federasiya rəhbərliyinə yaxın şəxslər məlumat verib.
Onların redaksiyamıza bildirdiyinə görə, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Andrey Şevçenkonu Azərbaycan yığmasında görmək niyyətinə düşüb.
Yeni baş məşqçinin müəyyənləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupunun sədri ukraynalı məşhurla əlaqə saxlanılmasını və şərtlərinin öyrənilməsini tapşırıb.
Şeva Bakıdan edilən zəngi müsbət cavablandırmayıb. Kiyev "Dinamo"su və "Milan"dakı çıxışıyla dünyaya səs salmış keçmiş hücumçu təklifi geri çevirib.
O, Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti olmağa hazırlaşdığını, bir daha məşqçi olaraq çalışmağı planlaşdırmadığını bildirib.
Bugünlərdə UFA-nın prezidenti vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.
İclasda Andrey Şevçenkonun namizədliyi qeydə alınıb. Ukrayna futbolunun əfsanəsi UFA-nın prezidenti vəzifəsinə yeganə namizəd olub.
Beləliklə, qurumun növbəti prezidentinin 47 yaşlı Şevçenkonun olacağı dəqiqləşib.
UFA prezidentliyinə növbədəkənar seçkilər yanvarın 25-də keçiriləcək.
Şevanın sonuncu iş yeri İtaliya klubu olub. O, ötən ilin ikinci yarısında "Cenoa"dan istefaya göndərilib.
Ondan əvvəl isə ölkəsinin əsas yığmasını çalışdırıb.
saytlarin hazirlanmasi