Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev Sportal.az saytına müsahibə verib. Ölkə çempionatının 11-ci turunun matçlarını izləyən mütəxəssis oyunlar ərəfəsində saytımızın əməkdaşının suallarını cavablandırıb. Millimizin çalışdırıcısı iyunun 1-9-u aralığında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək yığmamızın şanslarını dəyərləndirib.
- Hər tur ölkə çempionatının oyunlarını izləyirsiz. Ötən mövsümlə müqayisədə nə dərəcədə inkişaf hiss olunur?
- Bu mövsüm keçən ilə nisbətən komandalar daha hazırlıqlıdır. Komandalara daha çox futbolçu cəlb olunur. Liqa daha maraqlı keçir. Mənim üçün də belə çempionatı izləmək daha xoşdur. Daha yaxşı və daha hazırlıqlı oyunçuları milliyə cəlb etməyi düşünürük.
- Sizcə, minifutbol maraq cəlb etmək mənasında, qısa müddətdə futzalı geridə qoya bilib? Futzaldan minifutbola gələnlər də çoxdur...
- Əslində, müqayisə etmək istəməzdim. İstəyərdim ki, futzal da, minifutbol da daha yaxşı inkişaf etsin. Mənim karyeramın böyük hissəsi futzala aiddir. Son illərdə futzal durğunluq dövrünü yaşayır. Allah qoysa, gələcəkdə yaxşı planlar olar, futzal da inkişaf dövrünü yaşayar. Orada da çox yaxşı futbolçularımız yetişib, futzalda yaxşı tariximiz olub. Gələcəkdə daha yaxşı milli komanda, daha yaxşı klublar görmək arzusundayam.
- Minifutbol üzrə Azərbaycan millisinin bazası “Zirə” olsa da, digər komandalardan da oyunçular dəvət edilir. Qarşıda Avropa çempionatı gəlir. Heyətdə digər komandalardan oyunçuların cəlb edilməsi, hər hansı kəşf varmı?
- Ona görə də çempionatın bütün oyunlarına baxıram. Yeni futbolçuları yoxlanışdan keçirmək istəyirəm. Millimiz çox yaxşı vəziyyətdədi, çox yaxşı oyunçularımız var. Əsas odur ki, yenilər millidəki oyunçulardan kimisə əvəz edə biləcək? Əsas maraqlı məqam budur. Komandamız dünya reytinqində ikinci pillədədir. Millini bu reytinqə gətirən də futbolçulardır. Yeni oyunçular da var. Çalışırıq ki, onların da gələcəkdə minifutbol idman növünə marağı daha da artsın. Hər bir futbolçu istəyir ki, millidə oynasın. Fikrimiz odur ki, heç kimin qarşısını kəsməyək, kimin istedadı varsa, ondan istifadə edək. Çox çətin olar, amma hər kəsin milli üçün yolu açıqdır.
- Keçmiş futzalçılar və futbolçular çoxdur liqada. Azərbaycan milli komandasının sabiq futbolçularından ibarət “İnter” komandası da liqada mübarizə aparır. Bu komandadan kimsə milliyə cəlb oluna bilər?
- Həm “İnter”, həm də digər komandalarımızda əvvəllər millilərdə oynamış oyunçularımız var. “İnter”dəkilər də Azərbaycan futbolunun qaymaqlarıdır. Ancaq bizim o qədər vaxtımız yoxdur. Baxırıq, hamısına fikir veririk. Avropa çempionatına qədər cəmi 8 gün vaxtımız olacaq. O da fiziki hazırlıq dövrü üçün çox azdır. Bizim əsas məqsədimiz fiziki daha çox hazırlıqlı olan futbolçularla istədiyimiz taktikanı oturdaq və çıxaq oyunlara. Milli liqa 15-də başa çatacaq, biz 28-i Avropa çempionatı üçün yola çıxmalıyıq. Səkkiz günümüz qalacaq, o günlərdə də fiziki durumu artıra bilmərik, ancaq taktiki sarıdan çalışacağıq. Fiziki durum zəifdirsə, istər dünyanın ən güclü futbol oynayanı olsun, heç bir xeyir verə bilməz. Biz çempionluq, yaxşı nəticə üçün gediriksə, fiziki hazırlıq və daha dinamik oyunçularla getməliyik.
- Buna görə çempionatda təqvimlə bağlı dəyişiklik gözlənilir?
- Yox. Bu, keçən il və ya ondan qabaqkı il olsaydı, daha problemli alınardı. Amma bu il komandaların hamısı yaxşı məşq keçirlər, gedib məşqlərində də iştirak edirəm. “Zirə”, “Birbaşa Bakı” və digər komandalar var ki, həftədə 5-6 yaxşı məşq keçirlər. Bu da bizim üstünlüyümüzdür. Hazır futbolçularla işləyəcəyik. Bu, bizim üçün çox yaxşıdır. Fikirləşirəm ki, gələcəkdə klublarda daha fiziki hazırlıqlı oyunçular yetişəcək. Klub rəhbərlərinə də təşəkkür edirəm ki, futbolçular üçün əziyyət çəkirlər. Bilirsiz, hazır futbolçu olanda, daha rahat olursan, işin azalır. Düzdür, çempionatın təqvimini daha qabağa çəkib, vaxt ala bilərdik. Oyunçuların fiziki hazırlığını düzəltsək, onda da oyun praktikası azalır. Məncə, bu, bizim üçün daha ideal variantdır.
- Avropa çempionatında əsas hədəf nədən ibarət olacaq?
- Çempion olmaq hər yerdə çətindir. 24 komanda da çalışır ki, çempion olsun. Millimizin hazırkı durumu çox yaxşı vəziyyətdədir. Milli komandamızın özəyinin 80-90 faizini saxlayırıq. Futbolçuların hamısı təcrübəlidir, inanmıram ki, onlar hansısa rəqibdən qorxsunlar. Fikirləşirik ki, hazırda dünyada üç yaxşı komanda varsa, onun biri də Azərbaycan millisidir. Bu mənada, bizim komandanın adı rəqiblərə daha çətin olmalıdır. Həqiqətən öz adımızın altına imzamızı atmışıq. Fikirləşirəm ki, bu il də bizim üçün çox yaxşı olacaq. İndidən demirəm ki, çempion olacağıq, amma yaxşı nəticə qazanacağıq. Fikrimiz odur ki, Bosniya və Herseqovinadan yaxşı nəticə ilə qayıdaq. Bunun üçün potensialımız da var, futbolçularımız da. Rəhbərlik də arxamızdadır, daha yaxşı komanda ilə gedəcəyik.
- Avropa çempionatı öncəsi sizi narahat edən heç nə yoxdur?
- Heç bir narahatçılığımız yoxdur. Avropanın komandaları güclüdür. Dünya çempionatında da gördük ki, ən güclü komandalar Avropa təmsilçiləridir. Çünki Avropada minifutbola bu dəqiqə çox önəm verirlər. Biz də, həmçinin. Düzdü, dünya çempionatında yarımfinalda nəsə çatmadı. Onun üstündə çox işləyirik ki, problemləri aradan qaldıraq. İnanıram ki, xalqımız daha güclü milli komanda görəcək. Ölkəmizi daha yaxşı çıxışla futbol camiəmizin marağını çəkəcəyik.
- Avropa çempionluğunuzdan sonra minifutbola ölkəmizdə maraq daha çox oldu. Amma bütün dünyada daha da ciddi yanaşılması üçün minifutbol yarışlarının FİFA bayrağı altında keçirilməsinin ehtiyacı var?
- Demək olar ki, qapılar açıqdır. An məsələsidir. Böyük kütlə minifutbolla məşğul olur. Dünyanın hər yerində belədir. Böyük futboldan sonra ən populyar idman növüdür. Avropa çempionu olub gələndən sonra bu idman növünə ölkəmizdə maraq 3 qat çoxaldı. Amma FİFA-ya daxil olmağımız zaman ala bilər. Bəlkə bu il olar, bəlkə gələn il. Məncə, yaxınlarda FİFA-ya qəbul edəcəklər. Çünki UEFA və FİFA kütlə nəyə baxırsa, onun arxasında dayanır.
- Avropa çempionatının püşkü hələ atılmayıb. Hər halda, finala qədər qarşılaşmaq istəmədiyiniz rəqiblər hansılardır?
- Bu dəqiqə ən güclü komandalardan biri, mənim də xoşladığımı Çexiya millisidir. Cavanlardan ibarət komandadır, sürətlidirlər. Rumıniya isə təcrübəli komandadır, sonuncu dünya çempionudur. İspaniya da çox yaxşı dövrünü yaşayır, dinamikdirlər. Qazaxıstan da dünya çempionatında bizi məğlub edən kollektivdir. Bolqarıstan, Macarıstan, Bosniya və Herseqovina, Monteneqro, Fransa, Portuqaliya kimi yaxşı komandalar da var. İndi elə fikirləşmək olmaz ki, kimsə kimdənsə bir baş üstündür. Elə deyil. Hansı komanda həmin oyun ərəfəsində daha hazırlıqlıdırsa, onların düşməsi bizim üçün çətinlik yarada bilər. İndidən demək olmaz ki, Rumıniya daha güclü olacaq, xeyr. Bəlkə, elə fiziki durumları imkan vermədi, yaşlı komanda olduğu üçün biz daha sürərtli olduğumuza görə rahat olacaq. Bu cür səbəblər də var.
- Rəqiblər haqda məlumatları necə toplayırsız?
- Turnirlər keçirilir. Bütün komandaları izləmək şansımız var. Liderləri izləyirik. Əvvəl idi, dünya çempionatında Afrika və Asiya qitəsindən olan komandaları görə bilməmişdik. Neçə ildir ki, onlarda çempionat keçirilmirdi. Amma indi belə problemimiz yoxdur, daha tez-tez rəqibləri görürük, rəqibləri tanıyırıq. Yeni oyunçular gələndə də, bilirik ki, hansı komandaya yeni futbolçular gəlib.
- Maraqlıdır, rəqiblər üçün maraqlı gəlmir ki, Azərbaycanın böyük futbol yığması hər zaman qruplarda autsayder olur, amma minifutbol millisi Avropa çempionluğunu qazanıb, dünya çempionatında da dördüncü olub? Bu haqda rəqiblərdən təəccüblü reaksiyalar alırsız?
- Rəqibləri deyə bilmərəm, mən öz fikrimi deyə bilərəm. Hansı idman növünə yanaşma necədirsə, nəticə də elə olur. Yanaşma düzgündürsə, peşəkar yanaşma varsa, o idman növündə nəticə olur. Məsələn, bizdə indiyə qədər gimnastikada nəticə var idi? Amma indi nəticələrimiz var. Demək ki, düzgün yanaşma var. İnanıram ki, böyük futbolda da gələcəkdə komandalarımız demirəm çempion olacaq, amma ən azından qruplardan çıxacağıq. Daha yaxşı millimiz ola bilər. Lakin yanaşma dəyişməlidir.
Mirbağırağa
saytlarin hazirlanmasi