Azərbaycan milli komandası "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Monqolustan yığmasını 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Musa Qurbanlı matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibə ciddi yanaşırdıq. Belə oyunlar həmişə ağır keçir. Rəqib bütün heyətlə müdafiə olunurdu. Belə olan halda erkən qol vurmasan, dəqiqələr keçdikcə daha da çətinləşir. Nə qədər ağır oyun olsa da, qələbə qazana bildik.
- Komanda ilk dəqiqələrdə sanki meydana alışa bilmirdi...
- Elə bir problem yox idi. Sadəcə rəqib 11 nəfərlə cərimə meydançasının içində müdafiə olunurdu. Meydana girəndən sonra kənardan verilən ötürmələrdən qol vurmağa çalışırdım. Rəqib çox sıx oynayırdı deyə mənə top gəlmədi. Əsas odur ki, qələbə qazandıq.
- Çox güc itirdiyinizi düşünmürsən?
- Bəli, çox güc itirdik. Qol vurmadıqca rəqib daha çox qapanırdı.
- İsveçdə işlərin necə gedir?
- Ab-hava yaxşıdır, hər şey qaydasındadır. Son oyunlarda az oynayıram. 21 yaşım var. "Yurqorden" İsveçin ən böyük klublarından biridir. İlk vaxtlarda daha çox oynayırdım. Bunlar hamısı mənim üçün təcrübədir. Çalışıram ki, çətinliklər məni həvəsdən salmasın.
- İsveç Kubokunun finalına yüksəldiniz. Kuboku qazanmaq şansını necə dəyərləndirirsən?
- Finalda "Malmö" ilə oynayacağıq. "Malmö" çox güclü komandadır, keçən il çempion olublar. Ağır oyun olacaq. Biz də komanda olaraq güclənmişik. Şanslar 50/50-dir.
- Belə fikirlər səslənir ki, "Yurqorgen"ə getməklə yanlış seçim etdin. Sən necə düşünürsən?
- Hərdən mənim də ağlıma gəlir. Hər cür fikir ola bilər. Bəzən fikirləşirəm ki, bəlkə səhv seçim etdim. Gələcəkdə görəcəyik. Peşman deyiləm. Bir qərar vermişəm. Çalışıram ki, heç vaxt qərarlarıma görə peşman olmayım. Nə qədər çətin olsa da, irəliyə getməyə çalışıram.
- Skandinaviyanın iqlimi, mentaliteti əlavə çətinliklər yaradır?
- Əlbəttə ki, çətinliyi var. Amma çətinlik olmasa, uğur əldə etmək mümkün deyil.
- "Qarabağ"ın Avropa Liqasında çıxışını necə dəyərləndirirsən?
- Əlbəttə izləyirəm. Onların uğurları bizi çox sevindirir. Xaricdə yaşayan azərbaycanlı kimi "Qarabağ"la fəxr edirəm. Həm bu klubda oynadığıma, həm komanda yoldaşlarıma, həm də atama görə sevinirəm.
- İstəyərdin ki, həmin oyunlarda iştirak edəsən?
- Düşünmürəm ki, hücum xəttində qıtlıq var. Məncə, "Qarabağ"ın kifayət qədər yaxşı oyunçuları var. Bu klub daim mənim ürəyimdədir. İstəyərdim ki, mən də belə oyunlarda iştirak edim. Amma mən artıq bir qərar vermişəm. Hərənin həm futbolda, həm də həyatda öz yolu var.
- Qurban Qurbanov bildirmişdi ki, "Qarabağ"dan gedən futbolçuların oyunu istədikləri kimi alınmır. Necə düşünürsən?
- Ola bilər. "Qarabağ" elə klubdur ki, orada işinə məsuliyyətlə yanaşırsansa, uğurlu olacaqsan. Qurban Qurbanov deyirsə, elədir. "Qarabağ"dan sonra başqa ölkələrə uyğunlaşmaq çətindir.
- Azarkeşlər arasında Qurban Qurbanovu yenidən millidə görmək istəyənlər çoxdur. Sənin fikirlərin necədir?
- İstəyərdim ki, atam üçün ən yaxşısı nədirsə, o olsun. O mənim atamdır. Mənim üçün fərqi yoxdur harada işləyir.
- Qurban Qurbanovun adı Avropada klublarla hallanır. Həmin xəbərləri oxuyanda hansı hissləri keçirirsən?
- Əlbəttə ki, xoş hisslərdir. Fəxrdir ki, Avropada bu adı tanıyırlar, hörmət edirlər.
Elçin Əlixan
saytlarin hazirlanmasi