17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025 mövsümü üzrə birinci mərhələsinin püşkü atılıb. Azərbaycan millisi Macarıstan, Yunanıstan və Rumıniya ilə 6-cı qrupda mübarizə aparacaq.
Püşklə bağlı fikirlərini öyrənmək üçün yığmamızın baş məşqçisi İlham Yadullayevlə əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən 48 yaşlı mütəxəssis rəqiblərin ortabab komandalar olduğunu bildirdi:
"Püşkü canlı izləyirdim. Rəqiblərimiz ortabab, yaxşı komandalardır. İngiltərə, Almaniya, Portuqaliya kimi TOP komandalar deyil. Macarıstan millisi birinci səbətdən çıxdı. Yunanıstan ikinci, Rumıniya üçüncü, biz isə dördüncü səbətdə idik. Bu, UEFA reytinqinə əsaslanır.
Nəsə demək üçün hələ tezdir. Rəqiblərin heç birinin oyununa baxmamışıq. Matçların harada keçiriləcəyi dəqiqləşməyib. Təqvim də bəlli deyil. Bu gündən artıq rəqiblər haqda məlumat toplamağa başlamışıq. Düzdür, bu yaşda komandaların oyunlarının videolarını tapmaq çətindir. Amma bəzi saytlarda olur. Çalışacağıq ki, tapıb izləyək və təhlil edək".
İlham Yadullayev millimizin təcrübəsizlik probleminin olduğunu qeyd etdi. Onun sözlərinə görə, təcrübə qazanmaq üçün beynəlxalq turnirlərdə iştirak etmək lazımdır:
"Rəqibləri təhlil etdikdən sonra hər birinə qarşı hazırlıqlar gedəcək. Əsas istəyimiz uşaqların milli ruhudur. Onlar istəkli olmalıdır. Mübarizəli futbol oynamalıyıq. Bu, ən vacib amillərdən biridir. Belə turnirlər təcrübə hesabına oynanılır. Çalışacağıq ki, yoldaşlıq oyunlarında təcrübə toplayaq. İstərdim ki, klublarımız da beynəlxalq turnirlərdə iştirak etsinlər. Bizim əsas çatışmayan cəhətlərimizdən biri təcrübəsizlikdir.
Şanslardan danışmaq üçün hələ tezdir. Amma ənin ola bilərsiz ki, turnirə yüksək səviyyədə hazırlaşacağıq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Elçin Əlixan
saytlarin hazirlanmasi