Millimizin baş məşqçisi: "Türkiyəyə qarşı hər iki oyunda maksimum xal toplamaq istəyirik"

16:17 - 31 May 2024

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Millətlər Liqasının B Liqasının 1-ci qrupunda növbəti görüşünü Türkiyəyə qarşı keçirəcək.

Matçdan öncə milli komandamızın baş məşqçisi Siyasət Əsgərov Sportal.az saytına açıqlama verib.

O, yığma komandamızın səfər görüşündə uğurlu nəticə qazanacağına inandığını dilə gətirib:

"Türkiyəyə qarşı oyuna çox yaxşı hazırlaşmışıq. Komandada ab-hava da əladır. Əksər qızlarımız Türkiyədə oynayır, orada liqa mayın 5-də başa çatmışdı deyə, məcburiyyətdən qızlarla 20-də toplandıq. 15 gün fasilə olması, bizi narahat edirdi. Ona görə 20-də toplandıq ki, heç olmasa bu 15 günü məşqlərlə sığortalayaq. Ümid edirəm ki, bu barədə problemimiz olmaz. Qalan hər şey yaxşıdır. 

Türkiyə millisini qrupdakı digər rəqiblərimiz olan Macarıstan və İsveçrə ilə müqayisədə, daha yaxından tanıyıram. Mən keçən il aşağı-yuxarı 1 sezondan çox Türkiyədə işlədim. İşlədiyim klubun əksər üzvləri də millidə oynayırdı. Bəli, Türkiyə ilə bir neçə dəfə yoldaşlıq görüşlərində oynamışıq, məğlub da olmuşuq, ən çox bərabərə qalmışıq. Hazırda bizdə qadın futbolunda inkişaf gedir. Türkiyə millisində Avropanın bəzi klublarının üzvləri də oynayır, hardasa bəzi keyfiyyətlərdə bizi üstələyə bilərlər, amma bərabər gücdəyik. Türkiyə ilə iki oyunumuz var, çox ciddi hazırlaşmışıq. Təkcə bu gün deyil, həm də iyunun 4-də keçiriləcək görüş bizim üçün çox önəmlidir. Hər iki oyunda maksimum xal toplamaq istəyirik. Bu iki oyun qrupdakı yerimizi bəlirləyəcək".

Mirbağırağa

Xəbər xətti