Millimizin kapitanı: "Türkiyəli futbolçuların dedikləri bizi daha çox köklənməyə məcbur etdi"

11:34 - 6 İyun 2024

"Hər kəsə bəllidir ki, Türkiyə bizə qardaş ölkədir. Ümid edirəm ki, pley-off mərhələsinə birlikdə yüksələcəyik. Sadəcə meydana daxil olanda, qarşındakı sənin üçün artıq rəqibdir. Çünki sən də ölkə futbolunu və ölkənin adına bir yerlərə daşımaq istəyirsən. Türkiyəyə qarşı möhtəşəm oynadıq. Bilmirəm, bəlkə də onların bəzi oyunçularının dediyi sözlər bizi daha çox bu oyuna köklənməyə məcbur etmişdi. İnsanlar bilmir, amma demək istəyirəm ki, bəzi hallarda bizə zəif və artıq altı xalın onlarda olması mesajını daha oyunlara bir ay qalmışdan baş məşqçiləri vermişdi. Bu heç də bizə qarşı yaxşı hal deyildi. Komandam çox əzmkar mübarizə apardı. Onların hər birinə təşəkkür edirəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə deyib.

Qadınlardan ibarət yığma komandamızın lideri AVRO2-2025-in qrup mərhələsində Türkiyə üzərində qazandıqları qələbəni şərh edib.

O, ötən həftə Erzincanda keçirilən görüşü xatırlayaraq, ən azından bir xala layiq olduqlarını söyləyib: "Biz öz oyunumuza baxırıq. Türkiyədəki görüşdə rəqib penaltidən fərqlənmişdi. Ancaq ən azı bir xal qopara bilərdik. Lakin olmadı. Bununla belə, növbəti oyuna köklənməyi bacardıq. Mən burada baş məşqçi və məşqçi heyətinin taktiki olaraq düzgün qərarlar verdiyini qeyd edərdim. Fərqli sistemdə çıxış etdik və Bakıda istədiyimiz oyunu oynayaraq, üç xal qazandıq. Biz çətin qrupda yer almışıq. Son oyunlarımız isə Macarıstan və İsveçrə komandalarına qarşıdır. Bizi çox ağır matçlar gözləyir. Çox istəyərdim ki, bu rəqiblərdən də xal və ya xallar alaq. Üzücü vəziyyət odur ki, Macarıstanla oyunda sarı vərəqə limitinə düşən oyunçularımız var. Bununla belə, komandamın hər bir üzvünə güvənirəm".

Sonda isə Cəfərzadə, növbəti turda qarşılaşacağımız Macarıstanla oyunu qeyd edərək, qələbə qazanmaq şanslarını da dəyərləndirib: "Bəli, macarların İsveçrəni məğlub etməsi məni şoka saldı. Bu bizə sərf edən nəticə deyil. Bununla belə, Bakıdakı oyuna yaxşı hazırlaşmağımız lazımdır. Əgər onlardan ən azı bir xal ala bilsək, bəlkə də, pley-off mərhələsinə yollanmaq hüququnu əldə edə biləcəyik. Ancaq hadisələri qabaqlama istəmirəm. Ən yaxşı nəticə üçün mübarizə aparacağıq. Sonda bizə dəstək olan hər kəsə təşəkkür edirəm".

Mirbağırağa
 

Xəbər xətti