Millimizin Albaniya (1:3) ilə yoldaşlıq matçındakı məğlubiyyətindən sonra futbol ictimaiyyəti nümayəndələri arasında belə əks fikirlərə rast gəlinir. Tənqid edənlərin sayı çox olsa da, millimizin oyununda müsbət elementlər sezənlər də var.
Bu oyunla bağlı tanınmış şərhçi, CBC Sport telekanalının proqram direktoru Rüstəm Əfsərlinin fikirlərini öyrəndik. Futbol sahəsində böyük təcrübəyə malik olan həmkarımız Sportal.az saytına millimizin oyunundakı mənfi və müsbət məqamlar barədə danışdı:
"Milli komandamızın oyunu ilə bağlı təzadlı fikirlərin yaranmasını təbii qarşılayıram. Matçın müxtəlif hissələrində millinin oyunu haqda işlədəcəyimiz cümlələr bir-birinə zidd ola bilər. İlk gözümə çarpan o idi ki, komanamız sanki oyuna ya plansız çıxmışdı, ya da futbolçular o planı həyata keçirə biləcək durumda deyildilər. İlk beş dəqiqədə oyunçular nə edəcəklərini bilmirdilər. İlk dəqiqələrdə ötürmələr yalnız geriyə və yana idi. Sonra Albaniya millisi bir qol vurdu. Burada həm rəqibin ustalığı var idi, həm də müdafiəçilərimiz bir-birinə arxayın olub rəqibə zərbə imkanı yaratdılar.
Hesab 0:1 olandan sonra albanlar topu bizə verdilər. Bilmirəm bu, üç gün əvvəl oyun keçirdikləri üçün yaranmış yorğunluqdan idi, ya rəqibin oyun üslubu belədir. Bəlkə də Avro-2024-də oynayacaqları sistemi test edirdilər. Biz də bundan sonra rəqibin üzərinə getdik, amma heç nə edə bilmədik.
İkinci hissədə daha böyük vaxt kəsimində milli komandamız daha maraqlı təsir bağışladı. Dəyişikliklər bir az hücumlarımızı rəngarəng etdi. Mənə elə gəldi ki, rəqib imkan verir, oynamaq lazımdır. Həm ilk yarıda, həm də ikinci hissədə son ötürmələr ya gəlmirdi, ya da qeyri-dəqiq olurdu. Hesab 0:3 olandan sonra vurduğumuz qol yalnız təsəlli oldu. Rəqib ustalıq səviyyəsi baxımından bizi çox qabaqlayır. Təəssüf ki, Albaniya yığması ilə oyundan sonra da bunu demək məcburiyyətindəyik. Fikrimcə, millimiz bu oyunda tam potensialını aça bilmədi. Fraqmentlərlə əslində necə oynaya biləcəyini göstərdi. Amma fraqmentlər yetmir. Matçın yoldaşlıq oyunu olmasını, mövsümün sonuna düşdüyünü və bu baş məşqçi ilə davam etməyəcəyimizi futbolçuların da bildiyini nəzərə alsaq, oyun gözlənilən kimi keçdi və gözlənilən kimi də bitdi.
Bəzi məqamlarda millinin gözəgəlimli futbol oynaması, maraqlı kombinasiyalar etməsi, müdafiənin arxasına atılan toplar, rəqibi öz qapısından çıxmağa qoymamağımız bəlkə də azarkeşlərdə ümid yaratdı. Ümumən real baxmaq lazımdır. Albaniya millisi bizdən ustalıq səviyyəsinə görə daha yuxarı idi. Bunun hesabına da qələbə qazandılar. Bizdə fərdi səhvlər də oldu. Fərdi səhvlər də elə ustalıq səviyyəsindən xəbər verir".
Elçin Əlixan
saytlarin hazirlanmasi