Azərbaycan millisinin üzvü: "Qazaxıstanla matça qələbə üçün çıxacağıq"

11:49 - 10 İyun 2024

"Matçlara istəkli hazırlaşırıq. Məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Macarıstanda bizi çətin oyunların gözlədiyini də yaxşı anlayırdıq. Albaniya ilə qarşılaşmada vaxt keçdikcə oyunumuzu tapdıq. Amma qol imkanlarından yararlana bilmədik".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Qismət Alıyev deyib. 

O, yığma komandamızın Macarıstanda AVRO-2024-ün iştirakçısı olacaq Albaniyaya qarşı keçirilmiş yoxlama görüşünü şərh edib: "Biz hər görüşə qalib gəlmək məqsədi ilə çıxırıq. Albaniya Avropa çempionatında iştirak edəcək. Fikrimcə, meydanda bizdən çox da fərqlənmirdilər. Sadəcə səhvlərimizdən istifadə etdilər".
 
Millimiz sabah ikinci yoxlama matçında Qazaxıstanla qarşılaşacaq. Qismətin fikrincə, yığmamız bu görüşdə qələbə qazana bilər: "Bizi Qazaxıstana qarşı maraqlı matç gözləyir. Onlar da son oyunda məğlub olublar, biz də.  Biz də matça qələbə üçün çıxacağıq, onlar da. Bütün diqqətimizi oyuna yönəltmişik".

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan görüşü iyunun 11-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş İdman kopleksi”ndə keçiriləcək və oyuna Bakı vaxtı ilə 18:00-da start veriləcək.

Xəbər xətti