Sərxan Hacıyev: "Canni De Byazi nəticənin oyuna görə olmadığını dedi" - MÜSAHİBƏ

10:00 - 11 İyun 2024

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev müsahibə verib. Sportal.az xəbər verir ki, federasiyanın rəsmisi millinin məşqinin gedişində Avstriyaya ezam olunmuş əməkdaşımızın da iştirak etdiyi briffinqdə Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

- Millinin təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?

- Məlum olduğu kimi hələ milliyə baş məşqçi təyin olunmayıb. Buna baxmayaraq, biz AFFA olaraq millinin məşq prosesini davam etdiririk. İyunun əvvəlində iki oyun tarixi var idi. Albaniya və Qazaxıstan milli komandaları ilə danışıqlar apardıq və iki yoldaşlıq oyununun keçirilməsi ilə bağlı razılaşdıq. Milli komandaya növbəti rəsmi oyunlara hazırlaşmaq üçün lazımi şərait yaratmaq üçün çalışdıq. Albaniyaya qarşı matçda komandamız yaxşı təsir bağışladı. Tablodakı hesab meydandakı oyuna uyğun deyildi. Əlbəttə ki, yadda qalan nəticədir. Amma gənc futbolçular özlərini yaxşı tərəfdən göstərdi. Hazırlıq prosesi yaxşı səviyyədə davam edir. Növbəti yoldaşlıq oyunu sabah Qazaxıstan millisinə qarşı olacaq. Futbolçularımız yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcək. Lakin bu, yoldaşlıq oyunudur. Hər birimiz nalayırıq ki, burada əsas olan nəticə yox, hazırlıqdır.

- Yeni baş məşqçinin qarşısına hansı tələb qoyulacaq?

- Bir neçə gün öncə AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Orada baş məşqçi məsələsi müzakirə olundu. Yaxın zamanda baş məşqçi ilə bağlı açıqlama veriləcək. Açıqlama veriləndə dediyiniz məsələyə də aydınlıq gətiriləcək. Reallıqlar var. Amma məqsəd hər zaman birinci yer uğrunda oynamaqdır. Lakin bundan da qlobal məsələlər var. Əsas məsələlər komandanı növbəti illər üçün hazırlamaqdır və aşağı yaş qruplarına nəzarət etməkdir.

- Vladimir Vays Bakıya gəlmişdi? Əgər gəlmişdisə, onunla niyə anlaşma əldə olunmadı?

- Adlarla bağlı detallı açıqlama vermək istəməzdik. Çünki, konfidensiallıq məsələləri var. Amma təsdiq edə bilərəm ki, Vladimir Vays Azərbaycanda olmayıb.

- Yeni baş məşqçi ilə uzunmüddətli müqavilə imzalanacaq?

- Bu da konfidensiallığa aid məsələdir. Yaxın günlərdə detallı şəkildə hər şey qeyd olunacaq.

- Danışıq apardığınız və ya müzakirə etdiyiniz şəxslər arasında yerli mütəxəssislər var?

- Baş məşqçi ilə bağlı istənilən məsələni hazırda gizli saxlamalıyıq.

- "İrəvan" klubunun fəaliyyəti dayandırılacaq?

- Bu komanda reqlamentə əsasən II Liqaya göndərilib. "İrəvan"ın AFFA bayrağı altında keçirilən turnirlərdə fəaliyyətini davam etdirməsi ilə bağlı məsələyə İcraiyyə Komitəsisnin iclasında baxılacaq. Əlbəttə ki, mövsüm ərzində xoşagəlməz hallar az olmayıb. Bu hallar nəzərə alınacaq.

- Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasından sonra bildirdi ki, I Liqa klubarının infrastrukturunun yaxşılaşdırılması üçün AFFA addımlar atacaq. Hansı klublara yardım olunacağı bəllidir?

- Bu məsələ müzakirə olunub. Lakin detallı olaraq hansı stadionun, infrastrukturun yaxşılaşdırılması, yenidən qurulması dəqiq olaraq müzakirə olunmayıb. Qərar verməzdən əvvəl təhlil aparılmalıdır. Təhlillərin nəticəsi İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Bunlar maliyyəyə, AFFA-nın büdcəsinə bağlı olan məsələlərdir.

- Canni De Byazi ilə görüşünüz oldu?

- Bəli, Albaniya ilə oyunumuzda idi. Matça eyni məkandan baxırdıq. Canni De Byazini Albaniya Futbol Federasiyası dəvət etmişdi. Oyundan əvvəl də, sonra da danışıqlarımız oldu. Oyunla bağlı öz fikrini bildirdi. O da dedi ki, matçın nəticəsi oyuna görə deyildi. Əlavə etdi ki, son zamanlarda çox vaxt belə olurdu. Komandanın oyunu ilə bağlı fikri müsbət idi. 

- Dövlətin Premyer Liqa klublarına illik ayrıdığı 3 milyon matan artırılacaq?

- Məbləğin 4 milyon manat olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Hazırda olan məlumata görə, 3 milyon manat olduğu kimi qalır, artırılması nəzərdə tutulmur.

- "Xəzər Lənkəran"ın stadionunun milli komandanın oyunu üçün təmir olunması ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə realdır?

- Biz də bu məlumatı mətbuatdan öyrənmişik. Lakin həqiqəti əks etdirmir. Hazırda belə bir məsələ nəzərdə tutulmayıb.

- "COP29" dövründə millinin ev oyunları harada keçiriləcək?

- Həmin dövrə Estoniya ilə oyun düşür. Bu məsələni Estoniya Futbol Federasiyasının rəhbətliyi ilə də müzakirə etmişik. Daxildə də müzakirələr gedir. Hazırda konkret qərar yoxdur. UEFA ilə də danışıqlar gedir. COP29 irimiqyaslı tədbirdir. Oyunu Bakıda keçirmək real görünmür.

- Biz səfərdə oynayacağıq?

- Oyunların yerini dəyişmək məsələsi var idi. Lakin Estoniya tərəfi hava şəraitinə görə bunun onlara uyğun olmadığını bildirdi.

- Alternativ nədir?

- Hazırda müxtəlif yöndə danışıqlar gedir. Ola bilər ki, matç Azərbaycanın digər şəhərində keçirilsin. Xüsusi icazə ilə Bakıda və ya yaxın ərazilərdən birində keçirilmək də müzakirə olunur. Hələ ki, danışıqlar davam edir.

Mirbağırağa Cəfərli, Avstriya

Bu yazı Misli.az-ın dəstəyi ilə ərsəyə gəlib

Xəbər xətti