Minifutbol yığmamızın üzvü Rəvan Kərimov Sportal.az saytına açıqlama verib.
O, milli komandamızın Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilmiş Avropa çempionatındakı çıxışını dəyərləndirib.
Kərimov 1/4 finalda Qazaxıstana məğlubiyyəti belə xatırlayıb:
"Qazaxıstanla oyunda üstün tərəf biz idik. Rəqib isə daha çox müdafiədə oynadı. Hücumlarımız da çox deyildi. Lakin yaratdığımız qol şanslarından da istifadə edə bilmədik. Penaltilərdə rəqibə uduzduq ki, onlar da bu vəziyyətdə bizdən daha təcrübəli idilər. Qazaxıstan yığması bu cür hallarla az qarşılaşmamışdı. Qrupdakı oyunlarımız asan keçmədi. Düzü, Avropa çempionatında bu qədər erkən dayanacağımızı özümüz də gözləmirdik. Yaxşı hazırlaşmışdıq. Halbuki Avropa çempionu olmağa layiq idik. Bu mərhələdə dayanmağımız hamıya pis təsir etdi, zərbə oldu".
Millimizin aparıcı oyunçusu gələn il Azərbaycanda keçiriləcək dünya çempionatında çempionluq uğrunda oynayacaqlarını söyləyib: "Dünya çempionatının Bakıda keçirilməsi yaxşıdır. Hər halda, evdə oynayacağıq. Bizə dəstək böyük olacaq. Bu, həm də bizim üçün böyük məsuliyyətdir. Hamı bizdən uğurlu nəticə gözləyəcək. Çempionluq üçün oynayacağıq. Yaxşı hazırlaşacağıq".
saytlarin hazirlanmasi