Azərbaycan milli komandasının kapitanı Bədavi Hüseynov Sportal.az saytına müsahibə verib.
- Qazaxıstanla matçda qələbə qazana bilmdiniz. Oyun sizin üçün necə alındı?
- Matçdan yaxşı təəssüratla ayrıldıq. Birinci hissədə də pis oynamadıq. Daha çox hücum edən tərəf idik. Sadəcə künc zərbəsindən qol buraxdıq. Ardınca əks-hücumda ikinci qolu qapımızda gördük. Halbuki hücumda idik, qol vurmaq niyyətindəydik. Amma komandamız sınmadı və bu da önəmli məsələlərdən biridir. Bu da sevindiricidir. Qol vurmağa çalışırdıq. Necə istəklə oynadığımızı gördüz. Bunu sentyabrdakı toplanışa da daşımaq lazımdır.
- Görüşün ilk yarısında 0:2 hesabı ilə məğlub durumda olsanız da, sonda 3:2 qalib gəlməyiniz necə alındı? Sizə nə motivasiya verdi?
- Görünürdü ki, komandanın qələbə qazanmaq potensialı var. Çünki çoxlu qol epizodları yaradırdıq. Sadəcə epizodları vura bilmirik. Amma oyunun gedişatından da görünürdü ki, belə matçı uduzmaq üzücü olardı. İlk yarıda 6-7 qol epizodumuz var idi. Uşaqlar da başa düşür ki, bizim potensialımız var. Sadəcə onu inkişaf etdirib, bu cür rəqiblərlə oynamaqdan qorxmamaq lazımdır. Bu toplanış xeyrimizə işləyəcək.
- Arif Əsədov uzun müddətdir ki, millidədir. O, komandanı, siz isə onu daha yaxşı tanıyırsız. Səncə, elə bu mütəxəssis millidə baş məşqçi kimi işləsin?
- Son oyunlarda pis görünmürdük. Nəsə demək çətindir. Arif müəllim çoxdandır ki, bizimlədir. Bu haqda danışmaq bizə aid olan məsələlər deyil. Bizim vəzifəmiz işləməkdir. Baş məşqçi kim olarsa, işimiz meydanda ən yaxşısını göstərməkdir. Arif Əsədov bunu başa düşür. Oyuna daha yaxşı konsentrasiya olmağımızı, başqa məsələlər haqda düşünməməyimizə çalışırdı.
- Qazaxıstana səfərdə 0:3 uduzdunuz, Bakıda 3:0 məğlub etdiniz. Bu dəfə də onlara qalib gəlməyiniz Millətlər Liqasının Astanadakı oyununda 0:3 hesablı məğlubiyyətin sadəcə pis təsadüf olduğunu göstərir?
- Biz həmin oyunda da pis oynamamışdıq. Sadəcə bəzi məsələlər təsirini göstərmişdi. İlk oyuna çıxırdıq, meydança faktoru da öz sözünü demişdi. Biz Qazaxıstan millisindən zəif komanda deyilik. Demək olar ki, eyni səviyyədə komandalarıq. Hansı komanda daha çox istək göstərirsə, qələbəyə yaxın olur. Məsələn, son matçda biz daha istəkli idik və qalib gəldik. Hər oyunda da bu cür olur. Millidə belədir, istəkli oynamaq və sona qədər mübarizə fokuslanmaq lazımdır.
- Millətlər Liqasında İsveç, Slovakiya və Estoniya ilə eyni qrupdayıq. Səncə, qrupda qalib olmaq şansımız var, yoxsa real deyil?
- Demək olar ki, bizim qrupumuz ən güclülərdən biridir. İsveç millisi də motivasiyasız oynayan İsveç olmayacaq. Onların yəqin ki, məqsədi qrupdan çıxmaq olacaq. Biz də öz güclü tərəflərimizdən istifadə edəcəyik. Hər bir rəqiblə oynamaq mümkündür. Əlimizdən gələni edəcəyik ki, sentyabrdakı toplanışa yaxşı formada yaxınlaşaq və azarkeşlərimizi sevindirək.
Mirbağırağa Cəfərli, Avstriya
Bu yazı Misli.az-ın dəstəyi ilə ərsəyə gəlib
saytlarin hazirlanmasi