"Fernandu Santuş təcrübəli məşqçidir, uzun illər Portuqaliya millisini çalışdırıb, yaxşı klublarda işləyib, nəticə göstərib. Millimiz bu cür məşqçidən bəhrələnə bilər. Fikrimcə, Santuş Azərbaycan millisinə xeyir verə bilər. Bunu bacaracaq məşqçidir. Portuqaliya texnikalı futbolçuların daha çox təşkil etdiyi ölkədir. Orada futbolçuların fərdi ustalığı, topla rəftarı yaxşıdır. Azərbaycanda da belədir. Daha çox topdan istifadə etməyi xoşlayırıq. Məncə, bu cür məşqçi Azərbaycan üçün uyğundur".
Bu sözləri Sportal.az saytına açıqlamasında Hüseyn Məhəmmədov deyib.
Azərbaycan millisinin sabiq qolkiperi AFFA-nın Fernandu Santuşu baş məşqçi postuna gətirməsinə münasibət bildirib.
Onun fikrincə, 69 yaşlı mütəxəssis yerli federasiya səhv addım atmayıb: "Adlı-sanlı, təcrübəli məşqçi təyin etmək o demək deyil ki, yerli məşqçilərə inanmırlar. Sadəcə yəqin AFFA daha təcrübəli, daha çox nəticə qazanmış məşqçini milliyə gətirməyi məsləhət bilib. Ola bilər ki, gənc məşqçilərin da Santuşdan təcrübə toplaması üçün bu cür addımlar atıblar".
Məhəmmədov milli komandamızın AVRO-2028-in final mərhələsinə vəsiqə qazandıra biləcəyinə də inanır: "Niyə də olmasın? Millimizin hazırkı heyətində uşaqların əksəriyyəti gəncdir. Yaxşı futbolçularımız var. Onlar da daha yaxşı nəticə vermək üçün imkana sahibik. Albania və Qazaxıstana qarşı oynadılar. İki oyunda da yaxşı futbol sərgilədik. Uzun illərdir ki, millimizdə bu qədər legioner həyatı yaşayanlar yox idi. Daxili çempionatımızda da yaxşı komandalardan milliyə oyunçular cəbl edilir. Məncə, gələcək üçün yaxşı milli yaradıb, yaxşı nəticə əldə etmək üçün yaxşı şansdır".
Mirbağırağa