"Hər zaman deyirdim ki, milli komandaya legioner məşqçi lazım deyil. Millimizi yalnız yerli mütəxəssis tapşırmaq vacibdir. Gərək yerli məşqçiyə şans verərdilər. Millidə yaxşı gənclər var. Qazaxıstanı da məğlub etdilər. Baş məşqçi də özümüzünkü, Arif Əsədov idi. Amma AFFA Fernandu Santuşu gətirdi. Hansı ki, onu hər yerdən istefaya göndəriblər. Elə biz də onu istefaya göndərəcəyik. Onun millimizdə uğurlu olmaq şansı yoxdur. Çünki bizdə Kriştiano Ronaldo da yoxdur(gülür)".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərov deyib. Futbolçu karyerası daha çox Latviya ilə bağlı olan veteran hücumçu Fernandu Santuşun milli komandamıza baş məşqçi təyin edilməsinə münasibət bildirib. Əsgərovun fikrincə, millimizə yerli məşqçi təyin etmək lazım idi:
"Santuşa karyerası ərzində Kriştiano Ronaldo kömək olub. Mən özüm də Ronaldo fanatıyam. Milliyə yerli gətirməliydilər. "Sumqayıt"da Samir Abasov kimi yaxşı məşqçi var. "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov isə işinin ustasıdır. Yəni, yerli yaxşı məşqçilərimiz var. Əvvəllər millimizə alman, xorvat, italiyalı olub, indi də portuqal gətirdilər. Bəs nə vaxt yerli məşqçilərimizə şans veriləcək? Ola bilər ki, siz jurnalistlər səbəbini bilirsiz. Bizim ağıllı məşqçilərimiz var. AVRO-2028-ə çıxmaq üçün isə şansımız da var. Çünki yaxşı futbolçulara sahibik. Məsələn, mən hücumçu olaraq Musa Qurbanlını çox bəyənirəm. AVRO-2028-ə qədər bizim milliyə hələ çox legioner məşqçi gəlib-gedəcək. Futbolçularımız isə var. Yaxşı futbolçu nəslidir, amma artıq zaman da gedir. Bədavi Hüseynovun hansı tempdə, necə yaxşı oynadığına baxın. Afərinə ona. Millimizə uğurlar arzulayıram".
Vüqar Əsgərov "Yelqava", "Yurmala", "Metallurq"(Liepaya), "Sumqayıt", "Araz-Naxçıvan", "Zirə", "Dauqavpils", "Olayne" klublarında çıxış edib.
saytlarin hazirlanmasi