"Fernandu Santuşu çox çətin iş gözləyir, çünki bizim milli Portuqaliya deyil" - MÜSAHİBƏ

19:23 - 17 İyun 2024

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandasında baş məşqçi yoxluğunda Arif Əsədov bu vəzifəni icra edirdi. Səncə, Əsədov işinin öhdəsindən necə gəldi və qarşıdakı rəsmi görüşlərdə millini meydana çıxara bilərdi?

Çox istəyirdim ki, millimizin baş məşqçi azərbaycanlı olsun. Arif Əsədovu baş məşqçi postunda saxlasaydılar mənim üçün sürpriz olmazdı. O, çoxdandır ki, millidə işləyirdi. Uşaqları da yaxşı tanıyır və ən azından Millətlər Liqasında Əsədova şans vermək olardı. 

- Amma AFFA artıq Fernandu Santuşla müqavilə imzalayıb və posta onu gətirib. Portuqaliyalı məşqçi millimizə uğur qazandıra biləcək biridir?

Santuşun millimizə uyğun olub-olmamasını zaman göstərəcək. İndidən nəsə demək çətindir. Santuş təcrübəlidir və düşünürəm ki, millimizə xeyir verə biləcək məşqçidir. Ən azından o, Avropa çempionudur. Qələbə ruhu olan məşqçidir. Onunla uzunmüddətli müqavlə var. Bu isə o deməkdır ki, futbolumuzu dərindən dirçəltmək fikirləri var. Belə deyim, Nikola Yurçeviç və Canni De Byazidansə, lap əvvəlcədən elə Fernandu Santuş kimi məşqçini gətirmək lazım idi. Adam yaşlı olsa da, uğur qazanmış, dünyada tanıdan hörmətə malik olan bir məşqçidir.

- Hər halda, Santuş son vaxtlarda Polşa millisindən və "Beşiktaş"dan istefaya göndərildi.... 

- Santuş uzun müddət Portuqaliya millisini çalışdırıb və çox uğur qazanıb. Bəli, "Beşiktaş"dan tez göndərildi. Amma düşünmürəm ki, bu onun pis məşqçi olduğunu göstərir. Məncə bu tip məşqçilər var ki, klub səviyyəsində işi alınmır. Lakin milli komandada öz potensialı göstərə bilir. Santuş məhz milli komanda məşqçisi kimi daha effektivdir. Çox istəyərdim ki, millimizi azəbaycanlı məşqçi çalışdırsın. Bizdə millimizdə işləyə biləcək kifayət qədər məşqçilərimiz var. Sadəcə şans vermək lazımdır. Düşünürəm ki, yerli məşqçinin vaxtı da gələcək. 

- AFFA-nın yerli mütəxəssis istəməməsini nə ilə əlaqələndirirsiz? 

Deməzdim ki, istəmirlər. Düşünürəm ki, AFFA əcnəbi məşqçini dəvət etməklə futbolumuza yenilik gətirmək istəyir. Həm də, adlı-sanlı məşqçini gətirməklə Azrərərbaycan futbolunu dünyada daha çox tanıtmaq və populyarlaşdırmaq istəyir. Üstəgəl, dediyim kimi, xarici məşqçinin təcrübəsindən və geniş futbol baxışından yararlanaraq futbolumuza xeyir vermək niyyətindədir.  

- Yeri gəlmişkən, AFFA 69 yaşlı mütəxəssisin qarşısına AVRO-2028-ə vəsiqə qazandırmaq məqsədi qoyub. Səncə, bunu etmək mümkündür? 

Çox istəyərdim ki, millimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazansın. İndidən nəsə demək çətindir. Santuşu çox çətin iş gözləyir. Çünki millimiz də Portuqaliya deyil. Bizim futbolçularımızın potensialı var. Hərdən gözəl oyun göstərəndə biz bunu görürük. Stabillik yoxdur, çunki millimizin ən böyük problem aparıcı oyunçuların öz klublarda daim oynamamasıdır. Bu amil millimizin oyuna çox mənfi təsir edir. Üstəgəl, futbolçu seçimi da geniş deyil. Avropa çempionata çıxmaq üçün planlı, strukturlu böyük bir iş görmək lazımdır. 

- Bayaq dediniz ki, millimiz yaxşı oynayanda bunu görürük. Yəqin ki, Albaniya və Qazaxıstan görüşlərini nəzərdə tutursuz? 

Millimiz hər iki oyunda pis oynamadı. Komandamız Albaniya ilə görüşdə çox yorğun görünürdü. Bu da başa düşüləndir, mövsüm yenicə bitib. Həm da rəqib motivasiyası yüksək olan Avropa çempionatının iştirakçı idi. Bu tipli yoldaşlıq oyunlarında toparlanmaq çox çətindir. Qazaxıstanla oyunda millimiz həm gözəl futbol oynadı, həm nəticə qazandı. Çunki qazaxlar bizim səviyyəmizdə olan rəqibdir. Futbolçularımız sezonun axırıncı oyununda həm özlərini, həm də azarkeşləri sevindirmək istəyirdilər.

Mirbağırağa

Xəbər xətti