Azərbaycanda legioner həyatı yaşamış azsaylı portuqaliyalılardan olan Huqo Maçado AFFA-nın Fernandu Santuşu milli komandamıza baş məşqçi təyin edilməsinə münasibət bildirib.
Sportal.az saytına açıqlama verən Maçado təcrübəli mütəxəssisin Azərbaycan futboluna xeyir verəcəyinə inandığını söyləyib.
Vaxtı ilə “Sportinq”də (Lissabon) Quarejma və Kriştiano Ronaldo ilə komanda yoldaşı olmuş Huqo Azərbaycan futbolunun Portuqaliyada daha yaxından izləniləcəyini söyləyib:
"Fernandu Santuş Azərbaycan millisi üçün yaxşı seçimdir. O, çox yaxşı məşqçidir, əla da xarakterə və böyük təcrübəyə malikdir. Bütün bunları da Azərbaycan millisi üçün istifadə edəcək. Ona görə də fikirləşirəm ki, Santuş Azərbaycan millisini daha da gücləndirəcək. Doğrudur, zaman lazımdır. Bu hər məşqçi üçün belədir. Santuş Azərbaycan millisini AVRO-2028-ə çıxara bilər. Məncə, o, Azərbaycanda çox yaxşı iş ortaya qoyacaq. Buna çox əminəm. Ona görə də, fikrimcə, Santuşun Azərbaycan millisinə böyük xeyri dəyəcək".
Hazırda ölkəsinin aşağı liqa klublarından olan "Oriental"ın formasını geyinən 41 yaşlı futbolçu Santuşun təyinatının Portuqaliyada təəccüblə qarşılandığını bildirib:
"Düzü, Portuqaliyada insanlar Santuşu Azərbaycan millisində görəndə, şoka düşdülər. Bu da normaldır. O, Portuqaliyadan sonra Polşaya yollandı, orada işləri yaxşı alınmadı. İndi isə fərqli layihə üçün Azərbaycana gedib. Onun yeni komandasında isə ulduz futbolçu yoxdur. Beləliklə, Azərbaycan millisində hamı liderin ardınca gedəcək ki, bu da Fernandu Santuşdur".