Bu gün “Zirə” Slovakiyada “DAK 1904” klubu ilə cavab matçına çıxacaq. Oyundan əvvəl vaxtı ilə Azərbaycan Premyer Liqasında oynamış azsaylı slovakiyalılardan olmuş Pavol Farkaşla danışdıq. Hazırda Slovakiya millisinin məşqçilər korpusunda yer alan “Qəbələ”nin sabiq futbolçusu Sportal.az saytına müsahibə verib.
- "Zirə" ilk oyunda “DAK 1904” klubuna qalib gəldi. İlk oyundakı 4:0 hesablı qələbə sənin üçün sürpriz nəticə idi?
- Bəli, birinci oyuna ilk dəqiqədən sona qədər baxdım. Qeydə alınan nəticəyə görə təəccübləndim. “Zirə” ilk oyunda yaxşı futbol oynadı və 4:0 kimi uğurlu nəticə qazandı. Bu da Azərbaycan klubuna üstünlük qazandırır. Qarşıda cavab matçı var. Necə olacağına baxacağıq.
- "DAK 1904"dən daha uğurlu nəticə gözləyirdiniz? Xisko Munyoz ikinci matçın nəticəsini dəyişə biləcək, yoxsa yox?
- “DAK 1904” üçün çox çətin olacaq. Çünki 4:0-dan sonra geridönüş etmək çətindir. Fərq böyükdür. Amma futbolda hər şey mümkündür. Bunu fərqli-fərqli illərdə, görüşlərində görmüşük.
- “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu tanıyırsınız. O, Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusudur...
- Bəli, bəli Rəşad Sadıqovu yaxşı tanıyıram. Gördüyüm zaman onu dərhal tanıdım. Mən “Qəbələ”də oynadığım vaxtı onunla rəqib olmuşuq. Onu görə də tanıdım. "Qarabağ"ın mərkəz müdafiəçisi idi.
- Cavab görüşü haqda sənin proqnozun necədir?
- Çətin və maraqlı oyun olacağı dəqiqdir. Amma hesabla bağlı bir söz deyə bilmərəm. "Zirə" ilk oyunda yaxşı üstünlük əldə edib. Hər halda, 4:0 böyük üstünlükdür. Necə olacağına baxaq, birlikdə görərik. Nəsə deyə bilmərəm.
- Azərbaycan futboluna indi də izləyirsən?
- Bəli, bəzən Azərbaycan Premyer Liqasına baxıram. Həm də, milli komandanın oyunlarını da izləyirəm. Mənim üçün maraqlıdır. Həqiqətən də çempionat da yaxşıdır, milliniz də.
- Sabiq komandan olan "Qəbələ" 2023/2024 mövsümündə liqada sonuncu olaraq, Birinci Liqaya düşdü. Bu haqda nə düşünürsən?
- Düzünü deyim, bu mənim üçün xoş olmayan sürpriz idi. Ümid edirəm ki, ən qısa zamanda onlar Premyer Liqaya qayıdacaqlar. Çünki bunu edə biləcək klubdur. "Qəbələ"dəki vaxtları yaxşı xatırlayıram.
Mirbağırağa
saytlarin hazirlanmasi