"Son 5-6 ildir Azərbaycan millisində lider görmürəm" - MÜSAHİBƏ

15:23 - 8 Sentyabr 2024

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi İsveçlə görüşdə uduzdu. Millimizin uduzmamaq şansı var idi? 

-Təbii ki, yaxşı nəticə əldə etmək mümkün idi. Futbolda necə deyirlər, vurmayana vurarlar. Millimiz öz imkanlarından istifadə edə bilmədi. Rəqib isə əksinə, imkanlardan maksimum  yararlandı. Üstəgəl, vurulmayan penalti demək olar ki, oyunun dönüş nöqtəsi idi. 

- Penaltidən söz düşmüşkən, Ramil Şeydayevin topu Emin Mahmudovdan alaraq onu yerinə yetirməsi çox müzakirə olundu. Bu məsələyə sizin yanaşmanız necədir? 

Əslində, oyunqabağı penalti olarsa, kimin yerinə yetirəcəyi komandaya deyilir. Ola bilər 1, 2 və ya 3 nəfər bunu edə bilir.  Meydançada da həmin 2 nəfər öz arasında kimin penalti vuracağını öz arasında müəyyənləşdirir. Ona görə biz kənardan baxanda bilmirik ki, oyunqabağı paltardəyişməotağında penalti ilə bağlı nə tapşırıq verilib. Eminin topu Ramilə verməsi normal haldır. Amma düşünürəm ki, bu vəziyyətdə millidə penalti vurmağa cəmi 1 namizəd olmalı idi ki, o da Emin Mahmudovdur. Çünki o kapitandır, dəfələrlə penaltiləri uğurla yerinə yetirib. Millidə vuracağı bir qol da, onu yeganə rekordsmen edəcəkdi. Bütün bu aspektlər Eminə daha çox motivasiya verirdi. Məncə, baş məşqçi tərəfindən birbaşa tapşırıq verilməliydi ki, penaltini Emin Mahmudov yerinə yetirsin.  

- Ümumiyyətlə, milli komandada hazırda lider görünür? 

Düzünü deyim, son 5-6 ildir ki, millidə lider görmürəm. 

- Azərbaycan millisi Fernandu Santuşun rəhbərliyi altında ilk oyununa çıxmışdı. Səncə, nəyəsə ümid var? 

Birinci oyundan sonra nəsə görmək çətin idi. Sevindirici hal odur ki, komanda 0:3 məğlub durumda olsa belə, sona kimi vəziyyətini düzəltməyə çalışdı. Az qala hesab 3:3 da ola bilərdi. Komandamız həvəsli görünürdü. Amma müdafiədə buraxılan səhvlər yenə də işimizi çətinləşdirir. Belə səhvlər davamı gələrsə, nəyəsə ümid elə bilmərik. Qol buraxmayan komanda uduzmur. Birinci növbədə müdafiədə etibarlı oynamağı bacarmalıyıq. Ancaq bu da o demək deyil ki, oturub qapımızın önündə "avtobus" quraq və çalışaq qol buraxmayaq. Müdafiə rəqib qapısının önündə, hücüm edəndə başlayır. Çünki top itkisinə hazır olmalısan. Mübarizə, kompaktlıq, sığorta və s. Millidə bu müdafiə prinsiplərini görmürəm. Bu isə boyük problemdir. 

- Millimiz bu gün Slovakiya önünə çıxacaq. Səncə, həmin görüşdə millidən uğurlu nəticə gözləmək olar? 

Biz həmişə yaxşı nəticəyə ümid edirik. Heç kim meydana uduzmağa çıxmır. Azarkeşlərlə yanaşı, futbolçular və məşqçilər də qələbə qazanmaq istəyirlər. Təbii ki, təkcə ümidlərlə qələbə qazanmaq da olmur, oyun keyfiyyətini yüksəltmək lazımdır. Mən millimizə inanıram  və çox istəyirəm ki, komandamız səfərdən 3 xalla qayıtsın.  

- Slovakiyanı Canni De Byazinin rəhbərliyi altında 2:1 səfərdə udmuşduq. Amma həmin görüşün əhəmiyyəti yox idi, çünki Slovakiya qrupda qalmışdı. İsveç millisi vacib oyunda millimizi məğlub etdi, halbuki onlara da qalib gəlmişdik. Slovakiya necə, vacib oyunda millimizlə görüşə fərqli yanaşıb, qalib gələcək? 

İsveçlə olan son iki oyun bizlərə böyük təcrübə qazandırdı. Artıq bilirik ki, əhəmiyyətsiz oyunlarda olan komandalar, Vacib matçlarda tamamilə başqa futbol göstərirlər. İndi millimiz bilir ki, qarşıda onları çox çətin, motivasiyalı Slovakiya millisinə qarşı matç gözləyir. Əminəm ki, futbolçularımız bu dəfə meydançaya daha da istəkli, aqressiv və məqsədyönlü çıxıb qələbə qazanacaqlar. Bununla da, bütün futbol azarkeşlərini sevindirəcəklər.

Mirbağırağa

Xəbər xətti