"Çoxu heç Azərbaycan dilində danışa bilmir, himnimiz səslənəndə dodaqlarını yalandan tərpədirlər"

13:54 - 11 Oktyabr 2024

"Estoniya və Azərbaycan eyni gücdə komandalardı. Səfərdə onlara qarşı oynamaq olar. Qrupdakı iki görüşdə də millimiz daha çox müdafiə olundu. O qədər də fərqli, diqqətçəkən məqam yox idi. Estoniyanı məğlub etmək olar. Sadəcə Estoniya evdə oynayır deyə, üstünlüyü var. Futbolçularımız ayrı-ayrılıqda optimal formadan uzaqdır, durumları yaxşı deyil".

Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq forvardı Rauf Əliyev deyib.

O, bu gün yığma komandamızın Millətlər Liqasında Estoniyaya qarşı Tallində keçirəcəyi oyundan gözləntilərini bölüşüb. Əliyev, Fernandu Santuşun millinin kapitanı Emin Mahmudova olan etimadından danışıb: "Emin Mahmudov keçən il "Neftçi"nin əsas oyunçusu idi. Ən böyük güc ona düşürdü, yaxşı sezon keçirmişdi. Millidə də uğurlu performansları olurdu. Ona görə yığmada vacib qollar vururdu. Bu il Emin haqda onu demək çətindir. Hansısa səbəblərdən klubunda az oynayır. Ola bilər ki, psixoloji cəhətdən yaxşı deyil. Fernandu Santuş ona inandı və ola bilər ki, Eminə lider kimi baxır. Milliyə də ona görə dəvət etdi. Santuşun qərarıdır, əsas heyətdə buraxacaq, ya yox, maraqlıdır. Uduzsaq da, Fernandu Santuş üçün ciddi problem olmayacaq".

Sonda isə əvvəlki milli ilə indiki millini müqayisə edib və yığmada bəzi futbolçuların ölkə himnini oxumamasını tənqid edib:

"Məncə, Ramil Şeydayevin penalti epizodu çox şişirdildi. Yəqin ki, qol olmadı deyə, belə alındı. Komandada çatışmayan məsələ milli ruhdur. Millimizdə oynayanların çoxu heç Azərbaycan dilində danışa bilmir. Bu da problemdir. Çoxu himnimiz səslənəndə dodaqlarını yalandan tərpədirlər. Bizim dövrlə indiki dövr çox müqayisə olunur. Demirəm ki, o vaxtı super oynayırdıq. Amma böyük komandalara qarşı mübarizə aparırdıq, vuruşurduq. Komandanın liderləri futbolçuları yığırdı, danışırdı. Bizdə mübarizə və milli ruh var idi. İndikilərdə isə bu yöndən problem çoxdur".

Mirbağırağa

Xəbər xətti