Fernandu Santuş: "Normal vəziyyətdə bu oyunun ilk yarısı 2:0 bizim xeyrimizə olmalı idi"

23:02 - 11 Oktyabr 2024

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının üçüncü turu çərçivəsində səfərdə Estoniyaya 1:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna yaxşı başladıq. 35-ci dəqiqəyə qədər kompakt oynadıq. Rəqibin şansları olmadı. Amma futbol belə oyundur. Rəqib ilk qolu vurandan sonra özümüzü toparlayıb hesabı bərabərləşdirdik. İlk yarıya əlavə olunmuş dəqiqələrdə 2-ci qolu buraxdıq. Rəqib də ağıllı komandadır. Əks-hücumda oynamağa başladılar. Şanslarımızı dəyərləndirə bilmədik. Topu qapıdan keçirə bilmirsənsə, rəqib bundan faydalanır.

- Yarımmüdafiənin mərkəzində iki futbolçu qalmışdı. Onlar sanki "çatdıra" bilmirdi. Məğlubiyyətdə seçdiyiniz taktiki sxemin rolu oldu?

- 3-4-3 sistemi ilə oynayırdıq. Mərkəzdə 4 futbolçu var idi. İlk 35 dəqiqədə bizim oyunçular rəqibə oynamağa imkan yaratmırdı. Onlar əks-hücumda qol vurdular. Bizim buna qədər 4 şansımız var idi, amma istifadə edə bilmədik. Fikrimcə, komanda birinci hissədə ən yaxşısını etdi. Taktiki sxemdə səhv olmayıb. 3 qol buraxdıq. Amma o qədər də qol vurmaq şanslarımız oldu. Normal vəziyyətdə bu oyunun ilk yarısı 2:0 bizim xeyrimizə olmalı idi. 

- Əlinizdə olan futbolçuların səviyyəsinin yetərli olduğunu düşünürsünüz?

-Başa düşürəm, amma oyunçuların çox yaxşı şansları oldu. Bu, futboldur, belə şeylər olur. İsveçlə oyunda da çoxlu şanslardan yararlana bilmədik. Bizim problemimiz müdafiədədir. 3 oyunda 8 qol buraxmışıq. Vacib olan odur ki, işimizi davam etdirməliyik. 1-2 həftə ərzində problemləri həll etmək mümkün deyil. Nəsə əldə etmək üçün vaxt lazımdır.

- Hücum futbolu oynadırsız. Cəsarətlidir, amma bunun arxasında güc yoxdur. Bu taktika ilə davam edəcəksiz?

- Xeyr, taktikanı dəyişməyi düşünmürəm. Hücum futbolu oynamağa üstünlük verirəm. Bir yol seçmişik. Hər dəfə dəyişmək olmur. Əlimdə olan futbolçularla bu sxemlə davam edəcəyəm. Yarımmüdafiə xəttində 4 oyunçu olacaq.

- Elvin Cəfərquliyev bu gün mükəmməl oyun keçirdi. Onun gələcəkdə hansısa yaxşı kluba keçməsinə töhfə verə, hansısa tanışınıza məsləhət görə bilərsiz? 

- Elvin möhtəşəm hücum talantına malikdir. Amma müdafiə cəhətdən bir az çətinlikləri var. Öz üzərində işləməklə şansları ola bilər. Həm hücumda, həm müdafiədə eyni səviyyədə oynamaq çətindir.

- Bu gün niyə Abbas Hüseynov kapitan idi?

- Niyə olmasın ki? Düşünürəm ki, Abbas yaxşı kapitandır. Əsas kapitan Bədavi Hüseynovdur. Amma o Azərbaycan dilində danışa bilmir. Ona görə də Abbasa üstünlük verdim.

Xəbər xətti