Emin Mahmudov milli ilə vidalaşmaq istəyir - SON DƏQİQƏ

23:05 - 13 Oktyabr 2024

Emin Mahmudov tezliklə millidəki karyerasını başa vura bilər. Əldə etdiyimiz informasiyaya görə, kapitan 2016-cı ildən formasını geyindiyi yığma ilə vidalaşmaq fikrinə düşüb. O, qurumun nümayənədələri ilə söhbətində belə bir niyyətdə olmasını gizlətməyib. Düzdür, AFFA yarımmüdafiəçinin ölkənin əsas komandasını tərk etməsinə hələ hazır deyil. Mənsublar bunu Eminin özünə də bildiriblər. Ancaq bugünkü vəziyyət kifayət qədər dolaşıqdır, Mahmudov üçün çətindir.

Onun karyerası, ümumiyyətlə, sual altındadır. Milli ilə yanaşı, «Neftçi»də də işləri qaydasında getmir.

Klubda kapitanlıq sarğısı əlindən alınıb. «Qarabağ» və «Sumqayıt»la Premyer Liqa matçlarında forma geyinməyib.

Millətlər Liqasının İsveçlə qarşılaşması (1:3) isə hələ uzun müddət nə onun yadından çıxacaq, nə də ictimaiyyətin.

İlk hissənin sonunda penalti vurmaq üstündə Ramil Şeydayevlə yaşadığı mübahisə və ikincinin topu onun əlindən alaraq zərbə nöqtəsinə yaxınlaşması, yekunda vuruşu qeyri-dəqiq yerinə yetirməsi böyük əks-səda doğurdu.

Mahmudov bu olayın üstündən «faciə baş verməyib» açıqlaması ilə gündəmi dəyişməyə cəhd göstərsə də, Slovakiya ilə növbəti görüşdə meydana ayaq basmaması, əslində, onun məlum hadisədən necə sarsıldığını nümayiş etdirdi ("Azərbaycan" qəzeti).

Xəbər xətti