Millidə işləməyə şans verilməyən adam - Santuşun məğlubiyyətlərini izləyən Arif Əsədov

23:40 - 13 Oktyabr 2024

De Byazinin gedişindən sonra milli komanda Arif Əsədova tapşırılmışdı. Yığmamız son dəfə onun rəhbərliyi altında keçirdiyi yoldaşlıq görüşündə Qazaxıstana qalib gəlmişdi. Macarıstanda oynanılan görüşdə 3 qol vuran millimiz həm də oyun planında yaxşı təsir bağışlamışdı. 

Ehtimal olunurdu ki, milliyə əcnəbi mütəxəssis gətirilməz, yığma elə Arif Əsədova tapşırılar. Amma əcnəbi sevdalısı olan futbol rəhbərliyimiz yerli məşqçiyə belə şərait yaradardımı? 

Gedib Santuşu gətirdilər. O da elə ilk fürsətdəcə Arif Əsədovu millidən uzaqlaşdırdı. 

İndi bu əcnəbilərə görə sinov gedən AFFA rəhbərliyinə sualım var - əgər uduzmaq problem deyildisə, bunu Arif Əsədovla etmək mümkün deyildimi? Uduzmağı bizimkilər də bacarır... 

Amma nə yazsaq, xeyri yoxdur. İstəyir Rövşən Nəcəf olsun, istəyir futbolumuzun başında duran digərləri. Özlərini ari təbəqəsindən bilən, ayrı kasta sayan təfəkkür sahibləri vəzifə tutana qədər yerli kadrlara futbolumuzda çörək yoxdur. Bunlar ya əcnəbilərə yol açırlar, ya da öz rusdilli çevrələrinə aid adamlara. 

Yəqin Arif müəllim də indi kənardan millinin məğlubiyyətlərinə baxıb fikirləşir ki, ona şans verilsəydi, Santuşdan pis işləməzdi. 

Həmid

Xəbər xətti