Millimizin uğursuzluğundan danışdı: "Görünür ki, futbolçular doyub, uğursuzluqla da barışıblar"

16:18 - 14 Oktyabr 2024

"Estoniya ilə görüşdə çox üzücü məğlubiyyət idi. Birinci hissə normal təsir bağışladıq, sadəcə düşən imkanlarda istifadə edə bilmədik. İkinci hissə çox pis təsir bağışladıq. Məğlubiyyətə əsas səbəb futbolçuların  performanslarından çox aşağı səviyyədə çıxış etməsidir. Əvvəllər millidə yüksək ruh yüksəkliyi var idi, meydançada döyüşürdük. Düzdü, taktiki cəhətdən çox zəif idik. Amma bunu istəklə, döyüşkənliklə aradan qaldırmağa çalışırdıq. İndi elə bil oyunçularda milli ruh yoxdu. ⁠Gedişat onu göstərir ki, pisə doğru gedirik. Estoniyaya da uduzuruqsa, kimi udacağıq? Artıq məğlubiyyətlərə barışırıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Ramin Quliyev deyib.

Yığmamızın keçmiş müdafiəçisi millimizdəki və futbolumuzdakı problemlərdən danışıb:

"⁠Biz problemi ancaq baş məşqçidə görürük. Meydançada oynayan futbolçulardır. Problem oyunçuların istəksiz olmasıdır. Elə görünür ki, artıq futbolçular doyublar və uğursuzluqlarla da barışıblar. ⁠Bu məğlubiyyətlərdən sonra Slovakiya ilə görüşdə ancaq sensasiya gözləyirik. Nələrisə dəyişmək lazımdı. İnanmaq lazımdır, istəsək qalib gələ bilərik. Estoniyaya uduzduqdan sonra hamıda inamı itib. Əvvəlki və indiki milliləri, futbolçuları müqayisə edirsizsə, o zamanın futbolu ilə bu günün futbolu tam fərqlidir. Oyunçulara gəlincə, yetərincə yaxşı futbolçularımız var idi. Fikrimcə, keçmişdəki futbolçularımız daha potensiallı idi. İndi isə futbolumuzda köklü dəyişikliklər lazımdı. Hər şeyi yenidə başlamaq lazımdı və ən əsası da uşaq futbolunda strategiyaya ehtiyac var. Futbol üçün köklü dəyişikliklərə ehtiyac var".

Mirbağırağa

Xəbər xətti