Rusiya mətbuatı Azərbaycan millisinin Millətlər Liqasının C3 qrupunun 4-cü turunda Bakıda Slovakiya yığmasına uduzmasını (1:3) şərh edib.
Sportal.az xəbər verir ki, “Спорт-Экспресс” nəşri AFFA-nın Fernandu Santuşun vədlərinə səbir göstərib-göstərməyəcəyindən yazıb:
"Növbəti turdan əvvəl Fernandu Santuş Azərbaycan millisi ilə müqaviləsinin 2028-ci ilə qədər olduğunu xatırladıb və bildirib ki, bir ildən sonra komanda istənilən rəqiblə bərabər şəraitdə oynaya biləcək.
Portuqaliyalı həm də karyerası ərzində keçirdiyi matçların yalnız 15 faizini itirdiyi statistikaya istinad etdi. Bəs dördüncü turdan sonra xallar sıfır olduğu halda, AFFA rəhbərliyi mövcud tendensiyanı davam etdirməyə səbri çatacaqmı?
Baxmayaraq ki, Slovakiya ilə hər şey başqa cür ola bilərdi. Azərbaycanlılar qonaqların qoluna Toral Bayramovun baş zərbəsi ilə cavab verdi. Önə keçmək şansları var idi, amma Mahir Emrelinin qırmızı vərəqə alması ilə hər şey alt-üst oldu. Tezliklə Lukas Haraslin topu küncə gözəl şəkildə göndərdi, Duriş isə Slovakiyanın qələbəsini möhkəmləndirdi".