Qurban Qurbanovun xahişi - milli ətrafında gedən oyunlardan uzaq durmağa çalışır

13:55 - 25 Noyabr 2024

Hələ Berti Foqtsun vaxtından milli komandaya baş məşqçi məsələsi gündəmə gələndə, əksəriyyət Qurban Qurbanovun adını çəkirdi, onu görmək istəyirdilər yığmanın başında. AFFA-nın o vaxtkı rəhbərliyi hər vəchlə bunun qarşısını almağa çalışsa da, Qurban Qurbanov millidə işləmək fürsəti qazandı. Ona millidə iş verdilər, işləməyə isə imkan vermədilər. Millətlər Liqasında bir məğlubiyyətə görə yığmadan uzaqlaşdırdılar onu. Əslində, həmin məğlubiyyət olmaya da bilərdi. Lakin "sapı özümüzdən olan baltalar" millimizin Kosovada məğlub olması üçün ciddi zəmin yaratmışdılar. 

Son Millətlər Liqasındakı biabırçılıqdan sonra Fernandu Santuşun istefası gündəmə gəlib. Əksəriyyət yenə də Qurban Qurbanovu millidə görmək istəyir. Bu sual ötən gün onun özünə də verilib. Lakin Qurban Qurbanov mətbuat nümayəndələrindən xahiş edib ki, daha millidə çalışması ilə bağlı ona sual verməsinlər. 

Qurban Qurbanov yaxşı bilir ki, milli komandaya baş məşqçi təyinatı futbol sahəsində verilən qərar deyil. Bu, yuxarı dairələrdə həll olunur. Görünən odur ki, səlahiyyətli şəxslər də milli komandada yaınız əcnəbilərin işləməsinə tərəfdardılar. Belədə Qurban Qurbanovun milli komandaya təyinatı real deyil. 

Santuşla bağlı məsələyə gəlincə, onun təyinatının da pərdəarxası məqamları var. Deyilənə görə, "Beşiktaş"dan qovulan məşqçi türk iş adamlarının təşəbbüsü ilə millimizə təyinat alıb. Portuqaliyalı məşqçinin maaşının əhəmiyyətli hissəsi də məhz həmin adamlar tərəfindən ödənilir. Bütün bunları Qurban Qurbanov da bilməmiş deyil. Ona görə də, Qurbanov nə onun təyinatına qarışıb, nə də onun işi barədə danışmağa tərəfdardı. Çünki yaxşı bilir ki, Santuşla bağlı qərar yuxarı dairələrdə veriləcək. 

Həmid

Xəbər xətti