Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən Millətlər Liqasının 1/4 finalında Fransa üzərində qələbə qazanacağı təqdirdə komandasının D qrupuna düşə biləcəyini şərh edib.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan təcrübəli mütəxəssis Azərbaycan, Ukrayna və İslandiya ilə eyni qrupda yer almağın müsbət və mənfi tərəflərini bildirib:
"Belə qeyri-adi püşkatmanı şərh etmək doğru olmazdı. Çünki biz hansı komandalarla oynayacağımızı hələ bilmirik. Ola bilsin ki, ilk baxışdan D qrupu daha güclüdür. Çünki orada çox güclü Ukrayna millisi yer alıb. Üstəlik, İslandiya və Azərbaycana iki uzun səfərləri nəzərə alsaq, bəlkə də D qrupu daha çətin görünür. Bununla belə, hər iki qrupda yüksək səviyyəli və iddialı komandalar var. Onlar da dünya çempionatına vəsiqə qazanmaq istəyirlər".
Xatırladaq ki, Fransa-Xorvatiya cütündə məğlub komanda L qrupunda Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariqlə qarşılaşacaq.
saytlarin hazirlanmasi