"Premyer Liqada 10 komanda olduğu halda, legioner limiti niyə götürüldü?" - MÜSAHİBƏ

14:22 - 8 Aprel 2025

Azərbaycan millisinin, "Neftçi" və "Sabah"ın sabiq müdafiəçisi Məhəmməd Mirzəbəyov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandasının hazırkı durumu kənardan necə görünür?

- Düzünü desəm, Azərbaycan millisinin son görüşləri uğursuz alındı. Haiti və Belarusdan məğlubiyyət çox gözlənilməz oldu. Fikirləşirdim ki, Azərbaycan millisi Haiti və Belarusa qalib gələcək. Sadəcə təəssüf ki, yığma komanda yaxşı formada deyil. Ümid edək ki, hər şey daha yaxşı olacaq.

- Milli komanda uğursuz nəticələrinə necə son qoya biləcək?

- U-17, U-19, U-21 yığma komandaların nəticələrinə baxın. Bütün klublar aşağı yaş qruplarına istənilən qədər diqqət etmir. Üstəlik, limiti ləğv etdilər. Bunu nə üçün etdilər? Dərin sualdır. Hər şeyə fundamentdən başlamaq lazımdır. Yığma komandada hər zaman lider olmalıdır. Lidersiz hara qədər getmək olar? Yəqin ki, tezliklə onları da görəcəyik. 

- Dediyin kimi, Azərbaycan Premyer Liqasında yeni sezon legioner limiti tətbiq edilməyəcək. Bu barədə fikrin necədir?

- Ölkənin əsas liqasında 10 komanda olduğu halda, legioner limitini niyə götürüldü? Fernandu Santuş yerli uşaqları harada axtaracaq? Futbolçular barmaqla sayılacaq qədərdir. Yəqin ki, klublar üçün də prioritet legioner futbolçular olacaq. Hərəsinin özünün məqsədi var. Bu cür qərardan sonra gələcəkdə nəsə gözləmək...Çətindir.

- Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Fransa ilə eyni qrupda yer alacaq. Səncə, milli komanda bu qrupda hansı nəticəni göstərə bilər?

- Haiti və Belarusla görüşdən sonra bu qrupda nəsə etməyin çətin olacağını görmək mümkündür. Bəlkə Fernandu Santuş nəyisə dəyişəcək. O, hər şeyi daha yaxşı bilir. Santuş təcrübəli mütəxəssisdir, Avropa çempionudur və güclü millini çalışdırıb.

- Sabiq komandaların "Neftçi" və "Sabah" ölkə kubokunun yarımfinal mərhələsində qarşılaşırlar. İlk görüşdə "Sabah" qalib gəldi. Cavab görüşü ilə bağlı gözləntilərin necədir?

Məncə, şanslar 50/50-dir. Nə “Sabah”, nə də “Neftçi” yaxşı formadadır. Ona görə də, bu oyuna hansı komanda daha yaxşı hazırlaşsa, daha yaxşı yanaşsa, qalib gələcək. Hər halda, cavab görüşü daha da maraqlı olacaq.
 

Xəbər xətti