"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Sportal.az 53 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
- Komandadakı hazırkı durum necədir? Qarşıdakı planlar nədir?
- Futbolçularımın istirahət üçün az vaxtı olmadı. Pis istirahət etməyiblər. Sadəcə bəzi futbolçular xəstələndilər, Toral və Kaşuk. Pis geri qayıtmayıblar, yaxşı istirahət ediblər, üzləri bir az gülür. Həvəslə məşq edirlər.
- “Qarabağ”dan fərqli olaraq, Çempionlar Liqasındakı rəqibiniz “Ayntraxt” üç rəsmi matç keçirəcək. Gözləmək olardı ki, bu oyunun ağırlığını hiss etmək üçün daha güclü rəqiblə yoxlama oyunu keçirəsiz. Bunun üçün Əbu-Dabiyə, Dubaya getmək olardı. Bu cür seçim etməməyiniz maliyyə məsələsi ilə bağlıdır, yoxsa futbolçuları psixoloji olaraq yalnız “Ayntraxt” matçı ilə yükləmək istəmədiz?
- Maliyyə ilə bağlı sıxıntı yoxdur. İlboyu belə rəqiblərlə oynamışıq. Bu günlərdə hazır deyilik ki, belə komanda ilə 90 dəqiqə oynayaq. Amma qarşımızdakı rəqiblər də ciddi rəqiblərdir. İlk yoxlama oyununda böyük ehtimalla hər futbolçu bir hissə oynayacaq. Amma ikinci matçda 90 dəqiqə oynatmaq nəzərdə tutulub. Futbolçuların hazırlığına baxacağıq. Elə də böyük vaxt itirməmişik. Hazırlıq planımızda problem olmayacaq. Sadəcə əskiklərimiz var idi. Onlar da yorğunluq və psixoloji gərginlikdən irəli gəlirdi. Bəzi detallarda intizamsızlıq olurdu. Onları aradan qaldırmaq üçün fasiləyə ehtiyacımız var idi ki, qaydasına salaq. 20 gün idman formasını itirmək üçün ciddi vaxt deyil. Futbolçular aktiv istirahət ediblər. Bu günlərdə onların sağlamlığını və gücünü geri qaytarmaq lazım idi. İnanmıram ki, başqa sıxıntımız olsun.
- "Qəbələ" ilə matçdan sonra demişdiz ki, futbolçulara görə zənglər çox gəlir...
- Hələ də davam edir. Çalışırıq ki, yoluna qoyaq. Hər futbolçunu başa düşmək olar. Burada iradım futbolçulardan daha çox edilən zənglərədir. Biri var bir futbolçu ilə bir nəfər danışır, biri də var ki, hərə bir tərəfdən vasitəçilik etməyə çalışır. Sanki onlar futbolçunun gələcəyini düşünənlərdir. Bir futbolçunun bir ağası olar.
- Marko Yankoviçlə bağlı durum necədir?
- Normal.
- Qalır, yoxsa ayrılmaq variantı var?
- Məndə hazırda getmək məlumatı yoxdur.
- Azərbaycanlılara maraq nə qədərdir?
- Hamısına var. Bəlkə daha çox elə azərbaycanlı futbolçularadır. Öz menecerlərimiz çoxalıb, kənardan da maraqlanırlar. Daha çox onları istəyirlər. Onların gələcəyini düşünən menecerləri, ətrafları daha çoxdur.
- Yanvarda gedən və ya gələn olacaq?
- Hələ ki konkret danışıq apardığımız futbolçu yoxdur.
- Xarici və yerli mediada oyunçularınızın transferi ilə bağlı söhbətlər var. "Qarabağ" hansı mövqe üçün futbolçu axtarışdadır?
- Hər mövqe üçün danışıqlar aparırıq. İlin sonunda da demişdim ki, hazırda ən çox iş saatı ayırdığımız tərəf futbolçu transferi ilə bağlıdır. Xeyli sayda futbolçuya baxırıq, danışıq aparırıq. Qapı xətti, müdafiə, hücum və orta xətt üçün axtarışlar gedir. Son vaxtlarda ümumiyyətlə dayanmırıq. Görək danışıqlar hansı səviyyədə olacaq. Çox istəyirik ki, komandada bəzi mövqelərdə oyunçu sayını artıraq. Çünki keçən il çox güc sərf etdik. Əgər ilboyu belə davam edərsə, futbolçuların gücü, psixoloji hazırlığı çatmaz. Bu səviyyədə işimizi qoruyub-saxlamaq istəyiriksə, mövqelərdə oyunçularımızın çoxalmasına ehtiyac var. Bu, oyunumuza və məşq prosesinə kömək olacaq.
- "Qarabağ" pley-offa çıxsa, transferləri daha da aktivləşdirəcək?
- Biz planımızı ona görə qurmamışıq. Bizdə elə düşüncə olsa idi, Liqa mərhələsinə düşəndə, daha çox addım atardıq. İstəyirdik. Hər bir halda gördüz ki, tam istədiklərimizi edə bilmədik. Transfer elə həddə çatıb ki, imza atıb, futbolçu burada olmasa, deyə bilmərik ki, onu gətirdik. Bu günə qədər bu futbolçularla bu yerə gəlib çıxmışıq. Onsuz da mərhələ keçsək də, iştirak ərizəsinə çox futbolçunu sala bilməyəcəyik. Böyük limit də vermirlər. Hər bir halda, dəyişiklik etmək istəyirik. Əlimdə olan futbolçulardan narazı deyiləm. İşimizi daha da yaxşılaşdırmalıyıq.
- "Sabah" Premyer Liqada liderdir. Hansısa narahatlıq var?
- Normal prosesdir. Hər il narahatlığım olub. Rahatlıq o vaxtı olub ki, çempion olmuşuq. Ona kimi narahatlığım istənilən rəqibə qarşı olub. Bu komandalar iddialıdır, həvəsləri, istəkləri çoxdur. Hər bir komandamızın uğuruna sevinirik. Azərbaycan çempionatında istənilən yenilik olsa, futbola əlavə sevgidir, kütlənin futbolumuza verəcəyi gücdür. Amma biz iddiamızdan əl çəkmirik. Çempion olmaq üçün şansımız varsa, sona qədər mübarizə aparacağıq. Heç bir klub məcbur deyil ki, onlara deyilmir ki, mütləq hər il çempion olmalısan. Futbolda belə qanun yoxdur. İstənilən liqada lider dəyişir, çempion dəyişir. Böyük liqalarda da bunu görürük. O demək deyil ki, əgər bu il "Qarabağ" və ya "Real" çempion olmadısa, gələn il iddiasından əl çəkəcək. Sadəcə daha ciddi, daha diqqətli olmalıyıq. Çünki çox gərgin çempionat keçir, iddialı rəqiblər var. İnkişaf etmiş, ümumi gələcəyi planlaşdıran rəqiblər də var. Buna ancaq sevinirik.
- 2026-cı ildə ilk görüşümüzdür. Futbolla bağlı hədəfiniz, arzunuz nədir? Şəxsi həyatınızla bağlı 3 arzunuz nədir?
- Şəxsi həyatım da futbolla bağlıdır. Arzum həmişə sizlərin, azarkeşlərin inamını itirməməkdir. Şərt deyil ki, çempion olaq, kubok qazanaq. Mənə olan inam həmişə qalsın. Bu, mənim üçün ən böyük amil olub. Şəxsi həyata gəldikdə, bu barədə danışmağı çox da xoşlamıram. O başqa mövzudur. Hər yerdə istəyərəm ki, güvənim itməsin.
- Qış fasiləsində siz də futboldan uzaq qala bildiniz?
- Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, yenə futbolu müzakirə edirlər. Əsasən də son vaxtlardakı məğlubiyyətlərdən danışırlar. Bir neçə nəfəri çıxmaq şərtilə, məni başa düşən 3-4 nəfərdir. Qalanlar filankəsi niyə dəyişmədin, bu niyə belə oldu, yarı zarafat da olsa, bunu bildirirdilər (gülür). Əfsuslar olsun ki, bunlardan qaça bilmədin. Başlayanda deyirlər, düzünü sən bilirsən, sonra da deyirlər ki, bu niyə belə oldu. Ən yaxınlarım var ki, 3-4 nəfər, bu barədə heç nə demirlər. Daim yanımda olurlar, motivasiya verirlər. İnanın ki, əgər futbolçularım sağlam qayıdırlarsa, hər məşqdə sağlam, istəkli olurlarsa, mənim üçün istirahətdir. İstirahət etsəm də, görsəm ki, məşqim, futbolçularım yaxşı deyil, istirahətimin üstündən xətt çəkilir.
- Renat Dadaşov “Qarabağ”a təklif olunub?
- Xeyr, belə təklif olmayıb. Azərbaycanlıdır, millimizin üzvüdür. Amma hələ ki transfer siyahımızda yoxdur.
- İndiki “Sabah” daha təhlükəlidir, yoxsa çempionluğu uduzduğunuz “Neftçi”?
- Fikir bildirməyim düzgün olmaz. İstəyərdim ki, özümüz daha təhlükəli olaq. Amma ümumi istək hər iki komandada çoxdur. Futbolçularım özlərinə gəlirlər. Ola bilər ki, son vaxtlarda rəqiblərin istəyi bizdən daha çox idi. Gərgin oyunlar keçirdik. ÇL-də 2 matçda uduzduq. Bizə, komandaya olan basqılar təsir etmişdi, ümumi enerjimizi aşağı salmışdı. Amma hər bir halda, “Sabah” gələcəyi düşünərək iş qurub. İdman prinsipləri baxımından hamımız üçün təhlükəlidir, amma Azərbaycan futbolu üçün sevinirəm ki, qarşımızda belə iddialı klub var. Çempionatda hamı iddialıdır, “Qarabağ”a, “Sabah”a, “Neftçi”yə qalib gəlmək istəyir.
- “İmarət” stadionu inşa olunur. Sizcə, orada ilk oyun Premyer Liqa matçı olacaq, yoxsa Çempionlar Liqası?
- O günə kimi sağ qalmaq lazımdır. Öz tərəfimdən deyirəm(gülür). Tam hazır olduqdan sonra baxmaq lazımdır. İlk oyunu hansı turnirdə keçirsək də, ÇL-in finalı kimi qəbul olunacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi
