Hələ Ehtiram Quliyevin "Turan Tovuz"a rəhbər gəldiyi ilk vaxtlarda onun Klublar Komitəsinin hər iclasına qatılmasını doğru hesab etmirdik. Digər klubların ikinci-üçüncü dərəcəli adamlarla təmsil olunduğu, ciddi status daşımayan bir qurumda milyonçu birinin iştirakı qəribə görünürdü. Sadəlik yaxşı xüsusiyyətdir. Amma baxır harada, kiminlə, hansı məsələdə. Mürəkkəb quruluşa və ortama malik futbol sferasında ağırlığını qoymadan dəyər almaq çətin məsələdir.
Ehtiram Quliyevin bu sahəyə gəlişindən bir neçə il keçsə də, hələ də bu sahənin nəbzini tuta bilməyib sanki. Onun yalnış ritorikasının nəticəsidir ki, "haqlı ikən suçlu" duruma düşdülər. AFFA hakimlərin "Turan Tovuz"un iki penaltisini vermədiyini etiraf etdi, üstündə də 15 min manat cərimə kəsdi kluba.
Halbuki, gördüyü işlərlə rəğbət qazanan, futbola bu qədər yatırım eləyən Ehtiram Quliyev tam fərqli statusda olmalıydı. Adətən rəhbərlər kənarda dayanıb, sözləri doğru seçə bilmək məharəti olanları verir qabağa. Ehtiram Quliyev isə klubda hamını kənara çəkib, özünü verib qabağa. Təəssüf ki, özünün də belə məharəti yoxdur. Çünki hisslərini kontrol edə bilmir.
Vur-tut 2-3 dəqiqəlik nitqində məzhəbi siyasətə qatdı, sonunu da elə gətirdi ki, yatırım eləmək mənasızdır... Ehtiram bəy bir şeyi bilməlidir ki, bu sahədə hisslərə bürünüb uzağa getmək mümkün deyil. Uğurun qapısı səbirdi. Etiraz etmək, qarşılaşdığı haqsızlıqları demək olar, lazımdır da. Amma baxır hansı formada, hansı tərzdə.
AFFA-ya gəlincə, cəza qaçılmaz idi. Ehtiram Quliyevin odlu-alovlu, din və çağırış olan nitqinə cərimə kəsilməliydi. Amma bir məsələ də var ki, "Turan Tovuz" etirazında haqlı idi. Əliyar Ağayev 4-5 oyun istirahət edəcək, sonra da heç nə olmayıbmış kimi gəlib işinə davam edəcək. Olan Tovuz klubuna oldu. AFFA etirafı kimi, ehtiramını da göstərməlidir. Yaxşı olar ki, federasiya rəhbərliyi Ehtiram Quliyevlə bir araya gəlsin, baş verənləri müzakirə etsinlər, işbirliyinə çalışsınlar. Ehtiram bəy kimi böyük klub qurmaq iddiasında olan adamı itirmək olmaz!
Emin Abbasov
saytlarin hazirlanmasi
