"Şəfa"nın Zaur Həşimov seçimi - avrokubokların bir addımlığında olan, kubokda yarımfinala qədər irəliləyən mütəxəssis

13:23 - 7 İyun 2026

Zaur Həşimov məşqçilik karyerasına "Qarabağ"da başlayıb, klubun akademiyasında. Həmin vaxtlar akademiyaya niderlandlı mütəxəssis Con Van Leon rəhbərlik edirdi. Elə onun təşəbbüsü ilə 20-yə yaxın uşaq futbol məşqçisi Niderlandda təcrübədə oldu, "Ayaks" və bu ölkənin başqa futbol akademiyalarında təcrübə keçdi. Onların arasında Ayxan Abbasov, Aftandil Hacıyev və başqaları da var idi. Həm də Zaur Həşimov. 

Həşimovun məşqçi kimi Premyer Liqa ilə tanışlığı 2018-ci ilə təsadüf edib. "Qəbələ"də Sənan Qurbanovun köməkçisi kimi çalışıb. Növbəti mövsümün gedişində isə "Zirə"nin baş məşqçisi postunda Samir Abasovu əvəzləyib. 

2019/20-ci il mövsümü pandemiyaya görə yarımçıq qalıb. Həmin dövrün ən ağır zərbəsi iş adamlarına, restoran, dükan yiyələri və bu kimi işlərlə məşğul olan peşə sahiblərinə dəyib. Futbol aləmində isə bunun ən böyük peşmançılığını çəkən şəxs yəqin ki, Zaur Həşimov olub. Həmin mövsüm başa çatdırılsaydı, Zaur bəy məşqçi kimi bəlkə də başqa yerlərdə olardı indi... 

Liqa dayandırılanda, "Sumqayıt"la eyni xala malik olan "Zirə" yalnız şəxsi göstəricilərə görə avrokuboklardan kənarda qaldı. Kubokun yarımfinalında rəqibin Premyer Liqada son pillədə qərarlaşan "Qəbələ"nin olmasını nəzərə alsaq, Həşimov bu yarışda da yaxşıya ümid edə bilərdi. Amma olmayanda, olmur... "Zirə" yeni mövsümdə baş məşqçi kimi Rəşad Sadıqova üstünlük verdi. Zaur Həşimov isə bu klubda işini akademiya rəhbəri kimi davam etdirdi. 

Amma bir gün onun qapısına da gün doğmalı idi. Və o an yetişdi. Bəlkə də bir az gec oldu. Əsas odur ki, özünü rahat hiss edəcəyi, ona güvən olduğu bir yerdə iş başına keçməsi idi. Zaur Həşimov vitse-prezidenti Əfran İsmayılov, idman direktoru Nadir Nəbiyev olan bir kluba, "Şəfa"ya baş məşqçi təyin olundu.  Bu klubla bağlı ən çox müzakirə edilən məsələ "Şəfa"nı Premyer Liqaya çıxaran Elgiz Kərəmli ilə yolların ayrılması oldu. Əksəriyyətin də dediyi odur ki, "Şəfa"nın rəhbərliyi gərək 5-6 tur Kərəmliyə Premyer Liqada şans verəydi... Təəssüf ki, futbol belə yanaşmanı qəbul etmir. Bunu uzun illərdir futbolun içində olan Əfran İsmayılov da yaxşı bilir, Nadir Nəbiyev də. Təsəvvür eləyin, Kərəmlinin baxışına uyğun transferlər edilir, hazırlıq dönəmini o keçir, 5-6 turdan sonra isə istefaya göndərilir. Yeni məşqçi gəlir, yenidən transferlər, komanda yenidən formalaşır və s. Ağlı başında olan heç bir rəhbərlik buna getməz. 

Söhbət onda deyil ki, Kərəmli bacarıqsız mütəxəssisdir. "Şəfa" Premyer Liqadadırsa, bunda Elgiz bəyin danılmaz əməyi var. Lakin bu elə məsələdir ki, rəhbərliyin iki yolu var idi - ya Elgiz Kərəmliyə tam güvən verib bütün planları onun üzərində qurmaq, ya da yolları ayırmaq. Yəni "yarımçıq papaqçılıq" yanaşmasına getmək doğru deyildi. 

"Şəfa" rəhbərliyi Elgiz Kərəmlinin Premyer Liqada iş təcrübəsinin olmamasını əsas götürərək, seçimini Zaur Həşimovdan yana etdi. Həşimov həmkarı ilə müqayisədə daha böyük təcrübəyə malikdir. Kimin gələcəkdə necə mütəxəssis olacağını zaman göstərər. Lakin indiki halda klub rəhbərliyi təhlil aparıb belə qənaətə gəlib. 

Zaur Həşimovun Premyer Liqada sözünü deməsi üçün bütün keyfiyyətləri var. Əskikliyi bu günə qədər şans almamasında idi. Klubların daha çox əcnəbilərə meyillənməyə başladığı bir vaxtda çətin ki yaxın illərdə daha əlinə belə bir fürsət düşə. Yararlanmaq lazımdır.

Həmid

Xəbər xətti