Azərbaycan futbolundan uzaq olan adam başlığı oxusa, fikirləşəcək ki, görən bu Fərəcullayev kimdir axı... Bəlkə dövlətin idarəetmə strukturlarının birində çalışan mütərəqqi ideyalara malik məmurdu, bəlkə də sadəcə arzularını dilə gətirən siyasi partiya rəhbəri və ya başqa bir əhəmiyyətli vəzifə sahibi. Bu ölkələr kimi olmağı kim istəməz ki? Lixtenşteyn adambaşına düşən gəlirə görə dünyanın ən varlı ölkələrindən biridir. Elə Andorra da yüksək həyat səviyyəsinə malik çox varlı ölkədir. 

Amma bir iş var ki, ikisi də kiçik dövlətlərdi. Lixtenşteynin 40, Andorranın 80 min əhalisi var. Biz isə 10 milyondan çoxuq. Yəni, Avropanın göbəyində yerləşən xırda ölkələrlə müqayisə olunmağımız doğru deyil. Coğrafiyamız qədərimizdi. Çox mürəkkəb geosiyasi reallıqlar şəraitində ayaqda qalmağı bacaran dövlətik. Və hər şeyə rəğmən inkişaf edirik. Asan alınmır, bəzən daha böyük güclərə və dövlətlərə siyasi iradəmizi göstərməli oluruq. Bu sərt, amansız yeni dünya düzənində müstəqil siyasət yürüdən, duruşunu qoruyan dövlət kimi tanınırıq. Bununla qürur duymağa dəyər. 

Amma evin çölü kimi, içərisi də var. Təəssüf ki, içəridə baş verənlər bəzən ağır gələr adama. Ayrı-ayrı sahələrdəki çatışmazlıqlar barədə çox yazılır, danışılır. Biz futbolumuzun durumuna toxunacağıq. Heç cür düzəlmək bilməyən sahələrdəndi. Hər il milyonlar xərclənir, yaxşıya doğru dəyişən heç nə yoxdur. 

İndi də AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxıb deyir ki, Lixtenşteyn və Andorra kimi ölkələrin yolu ilə getməliyik futbolda. Azərbaycan kimi 10 milyonluq, SSRİ də nəzərə alınmaqla az qala 100 illik futbol ənənəsi olan ölkənin futbol federasiyasının başında dayanan adamlardan biri, bizi ikisinə birlikdə vur-tut 120 min əhalisi olan, hətta peşəkar çempionatları olmayan, heyətində həvəskar futbolçuların yer aldığı ölkələrin yoluyla getməyə çağırır. 

Fərəcullayev fikrini belə əsaslandırır ki, bu kiçik ölkələrin yığmaları uşaqlara lap aşağı yaşlardan müdafiə olunmağı öyrədirlər. Biz də gərək onlar kimi olaq. Çoxları bəlkə də xatırlamır, Cahangir bəy vəzifəyə gələndə elə ürəklə danışırdı ki, adam düşünürdü 5-10 ilə Macarıstan, Polşa, Serbiya kimi ölkələrin yığmalarıyla başabaş mübarizə apara biləcək millimiz olacaq. Əgər hədəf Lixtenşteyn və Andorra olmaqdısa, Fərəcullayeva nə ehtiyac var idi AFFA-da? Zatən yuvarlana-yuvarlana gəlib düşmüşük də onların səviyyəsinə...

Həmid