"Şamaxı" Misli Premyer Liqasının XII turunda doğma meydanda "Turan Tovuz"a 0:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun oldu. Çox təəssüflər olsun ki, uduzduq. Birinci hissədə uşaqlar yaxşı mübarizə apardılar. Demək olar ki, rəqibə qol imkanları yaratmaq üçün imkan vermədik. İkinci hissədə  psixoloji tarazlıq pozuldu. Oyun üslübumuzda müəyyən axsamalar oldu. Amma yenə də yolumuza davam edəcəyik. Oyundan-oyuna belə hallara hazırlıqlı olmalıyıq. Hakim də, digərləri də səhv qərar verə bilər. Amma biz daha güclü olmalıyıq.

- Fasilədə Ayman Bualini əvəzlədiz. Bu, zədə ilə bağlı idi?

- Belə bir qayda yoxdur ki, bütün futbolçularda hər şey alınsın. Buali birinci hissədə meydanda istədiklərimizi vermədi. Amma ondan razıyıq. Futboldur, əvəzetmə də olur. Daha yaxşısını etmək istədik. Necə alındığı artıq sonrakı məsələdir.

- Hakimliklə bağlı fikriniz necədir?

- Emin Əliyev gənc hakimlərimizdəndir. Səhv hamıda olur. Biz də səhv edə bilirik. bu gün hər birimiz Azərbaycan futboluna xidmət edirik. Ölkə futboluna nələrisə qazandırmağa çalışmalıyıq. Hakimlik barədə danışmaq istəmirəm.

- Komandanız say üstünlüyü əldə etsə də, rəqib qol vurdu. Sizcə, niyə belə oldu?

- Komanda qol vurmağa tələsdi. Hücuma atıldıq. Gözlədiyimiz başımıza gəldi. "Turan Tovuz"un futbolçularının fərdi keyfiyyətlərini bilirik. Fərdi keyfiyyətin nəticəsində də qol vurdular. Sevindirici hal odur ki, gənc futbolçu Hacıəli Şirəliyev bu gün debüt etdi. Buna sözün əsl mənasında sevinirəm.

- Fasilədə siz hakimlə müzakirə aparanda Yunis Hüseynov müdaxilə etdi. Orada nə baş vermişdi?

- Yunis müəllim bizim veteran futbolçularımızdandır. Meydançada bəzi şeyləri düzgün görməyib. O, elə düşünürdü ki, mən azarkeşləri qızışdırıram. Buna görə mənə iradını bildirdi. Məsələ bitdi. Azarkeşlərdən xahiş elədim ki, hakimlərə nəsə deməsinlər, ancaq komandamıza dəstək olsunlar. Həmişə düzgün nədirsə, onun arxasındayam.

Elçin Əlixan