Kino tarixinin ən məşhur və nüfuzlu aktyorlarından biri sayılan Al Paçino çətin həyat yolu keçib. 2 yaşında ikən atası onları tərk edib, 17 yaşında isə o öz evlərini. Küçələrdə gecələyib, ən çətin işləri görüb. Aktyorluq seçimlərinə gedəndə çəlimsiz, balacaboy olduğunu səbəb gətirərək bəyənməyiblər. Nəhayət, bir-iki kiçik roldan sonra "Xaç atası" ilə dünyaya səs salıb. Hər şeyin düzəldiyi bir vaxtda isə məşhurluğunun ağırlığının altında qalıb. Alkoqola qurşanıb, uçurumdan aşağı düşməyə başlayıb. Hamının "bitdi" fikirləşdiyi vaxtda, 4 illik səssizlikdən sonra qayıdıb. Bu dəfə "Çapıqlı üz"lə. Daha sonra Al Paçinoya yeganə "Oskar" mükafatı qazandırmış "Qadın ətri" və başqa məşhur filmləri olub.
Sosail şəbəkələrdə Al Paçinonun şəkli ilə paylaşılan bir deyim var - "Həyat böyük bir supermarket kimidir; nə istəyirsən götür, amma unutma ki, qarşıda kassa var və hər şeyin dəyərini ödəyəcəksən".
Bu fikirlər Al Paçinoya aid deyil, amma böyük ehtimal onun da qatıldığı düşüncədir. Həyatda hər şeyin bir qiyməti olduğunu millimizin baş məşqçisi Ayxan Abbasov da yaxşı bilir. Amma sanki qarşıdakı kassa barədə düşünmək istəmir.
Kənardan görünən odur ki, Ayxan Abbasov AFFA-nın baş katibi Cahangir Fərəcullayevə sığınıb. Düzdü, milliyə onu baş məşqçi Fərəcullayev gətirməyib, amma onun da rolu və bu müddətdə dəstəyi az olmayıb. Əslində, baş katibin milli komandanın baş məşqçisinə dəstək olmasında pis heç nə yoxdur. Əksinə, elə ən doğrusu budur.
Lakin indiki halda futbol ictimaiyyətində Cahangir Fərəcullayevin personasına münasibət birmənalı deyil. Əksər futbol adamları, klub rəsmiləri onu AFFA tarixində ən uğursuz seçim hesab edirlər. Vəziyyət nə yerdədir ki, müqayisədə Elxan Məmmədovu Fərəcullayevdən daha üstün tutanlar da var.
Lakin Fərəcullayevin itirəcəyi nə var ki... Nətər o vəzifəyə qoyublarsa, bir gün də o cür deyəcəklər "çıx get". Haradan gəlibsə, qayıdacaq oraya. Yenə də yüksək maaş alacaq, həyatına davam edəcək. Ayxan Abbasov isə burada qalacaq, futbolda, bizimlə.
Ölkədə necə bacarıqlı məşqçilərin xarakter və davranışları üzündən kənarda qalması Ayxan Abbasova da məlumdur. Millidəki işi gözlədiyimiz kimi alınmasa da, klub səviyyəsində yaxşı məşqçidir. Gələcəkdə çalışacağı yerlərdə faydalı ola bilər. Əgər vəzifəyə görə imicini xərcləməsə!
Həmid
saytlarin hazirlanmasi
