"Milan" "Real"ın hücumçusu Endriki heyətinə qatmaq istiqamətində səylərini gücləndirib.

Sportal.az xəbər verir ki, İtaliya klubu qış transfer pəncərəsində braziliyalı futbolçunu daimi əsaslarla transfer etməyi hədəfləyir və bunun üçün təxminən 70 milyon avro xərcləməyə hazırdır. Bu barədə ESPN televiziyası məlumat yayıb.

La Liqa nəhəngi 60-70 milyon avro civarındakı təklifləri nəzərdən keçirməyə hazırdır. Futbolçunun icarəyə verilməsi variantı artıq gündəmdə deyil. Tərəflər daimi transferi müzakirə edirlər.

"Milan"ın təklifi 60 milyon avro məbləğində təzminat və əlavə olaraq 10 milyon avro dəyərində bonuslardan ibarət ola bilər. Bununla yanaşı, "Real" müqaviləyə "geri alma" bəndi daxil edə bilər. Bu, futbolçunun İtaliyada uğurlu çıxış edəcəyi təqdirdə, gələcəkdə onu yenidən heyətə qaytarmaq imkanını təmin edəcək.

Danışıqlarda "Milan"ın üstünlüklərindən biri, futbolçunun təmsilçiləri - "Roc Nation" agentliyi ilə mövcud olan yaxşı münasibətləridir. Bundan əlavə, İtaliya klubu 20 yaşlı forvarda hazırda Madriddə aldığı vaxtdan daha çox oyun vaxtı təklif edə bilər.

Meydanda kifayət qədər şans qazanmaması braziliyalı futbolçunun ətrafında narazılığın artmasına səbəb olub. Bu vəziyyət hücumçunu qışda komanda dəyişməyə sövq edə bilər. "Milan" bundan istifadə edərək, qarşıdan gələn transfer pəncərəsində Endriki əsas transferi kimi heyətinə qatmağa ümid edir.

Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan 47,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.