UEFA FIFA prezidentliyi uğrunda keçiriləcək seçkilərdə Canni İnfantinonun rəqibinin adını açıqlayıb.

Sportal.az xəbər verir ki, UEFA-nın yaydığı bəyanatda bildirilir:

“Bu gün UEFA prezidenti Aleksander Çeferinin sədrliyi ilə keçirilən iclasda UEFA İcraiyyə Komitəsində təmsil olunan milli futbol assosiasiyaları Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Dialloya 2027-ci ilin martında keçiriləcək FIFA prezident seçkilərində namizədliyini irəli sürməyi təklif ediblər. Assosiasiyalar yekdilliklə ona hərtərəfli dəstək verəcəklərini bəyan ediblər.

Filipp Diallo futbol idarəçiliyinin bütün səviyyələrində zəngin təcrübəyə malikdir. O, Fransanın peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilata rəhbərlik edib, Fransa Peşəkar Futbol Liqasının rəhbərliyində təmsil olunub və FIFA-nın mübahisələrin həlli ilə məşğul olan strukturlarında fəaliyyət göstərib. 2023-cü ildə isə Fransa Futbol Federasiyasının prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü seçilib.

FIFA-nın inkişaf istiqaməti ilə bağlı ciddi narahatlıqlar fonunda milli assosiasiyalar dünya futbol ictimaiyyətində birlik və etimadın bərpa olunmasına çağırış ediblər.

Onlar həmçinin FIFA-nın dünyanın bütün regionlarında futbolun inkişafını əsas prioritetə çevirməsinin, idarəetmədə ən yüksək standartlara riayət etməsinin, üzv assosiasiyalar, konfederasiyalar və futbol sahəsində digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıblar.

Milli assosiasiyalar Filipp Dialloya tam etimad göstərərək onun bu məqsədlərə nail olmaq üçün zəruri liderlik keyfiyyətlərinə malik olduğuna inandıqlarını bildiriblər.

Filipp Diallo namizədliyini irəli sürmək təklifini qəbul edib. Onun namizədliyinin sabah Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsinin iclasında rəsmən təsdiqlənəcəyi gözlənilir”.