“Çelsi”nin futbolçusu, hazırda icarə əsasında “Tottenhem”də çıxış edən Mixail Mudrik dopinq testinin müsbət nəticələnməsi ilə bağlı açıqlama verib.

Sportal.az xəbər verir ki, 2024-cü ilin dekabrında dopinq testinin müsbət nəticələnməsinə görə futboldan uzaqlaşdırılan ukraynalı yarımmüdafiəçinin diskvalifikasiyası 18 ay davam edib.

“Qidalanmama nəzarət etmək üçün dietoloqa, şəxsi aşpaza böyük məbləğdə pul xərclədiyim halda belə bir hadisə ilə qarşılaşacağımı heç vaxt düşünməzdim. Göz yaşları daha sonra gəldi. Həmin an nə baş verdiyini tam dərk edə bilmirdim. Ağlımdan çoxlu fikirlər keçirdi.

Meldonium adlı maddə haqqında əvvəllər heç nə eşitməmişdim. Onun mövcudluğundan yalnız dopinq testimin nəticəsi açıqlananda xəbər tutdum. Bu preparatı yalnız Şərqi Avropada əldə etmək mümkündür. Ona görə də həmin maddə orqanizmimə yalnız olduğum Ukraynada daxil ola bilərdi. İngiltərədə belə preparatlar yoxdur.

Ukrayna millisində bu maddənin orqanizmimə necə daxil ola biləcəyi ilə bağlı çoxsaylı ehtimallar var. Onları saymaq üçün iki əlin barmaqları belə kifayət etməz. Ən sadə variantlardan ən mürəkkəbinə qədər müxtəlif ehtimallar mövcuddur.

Milli komandada klublarda olduğu səviyyədə təhlükəsizlik və nəzarət sistemi ümumiyyətlə yoxdur. Halbuki yığmada da belə bir sistem fəaliyyət göstərməlidir. Komandada qidalanma üzrə mütəxəssis var. O, oyunlardan əvvəl bizə həblər vermir, sadəcə, iki gündən bir hər futbolçuya içməli olduğu bir stəkan məhlul təqdim edir”, – deyə Mudrik öz müsahibəsində bildirib.