“Hər bir turnirdə məqsəd olmalıdır. Bizim millinin də məqsədi birinci olmaq idi. Onu da bacardı. Əgər hər yarışda məqsədimizə çatsaq, bir komanda kimi irəli gedə bilərik”. 

Sportal.az xəbər verir ki, bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi  Ağasəlim Mircavadov deyib.

O, UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edən Azərbaycan millisi ilə bağlı fikirlərini bölüşüb:

“Baş məşqçi Ayxan Abbasov və köməkçiləri sağ olsun. AFFA-ya da sağ ol düşür ki, belə şəraiti yaradıblar. Bu da çox önəmlidir. Şərait olmayanda biz az qala ağlayırdıq. Millimiz ardıcıl iki oyunda qalib gəldi. Bizdə son illərdə belə bir hal olmamışdı. Deyə bilərlər ki, rəqiblərimiz zəif idi. Amma mən bununla razılaşmıram. Niderland Yunanıstanı 7:0 uddu. Kim deyə bilərdi ki, belə nəticə olar? Yunanıstan Avropa çempionudur. İndi Avropada komandaların gücü elədir ki, heç kimə zəif demək olmaz. Hər bir rəqibə qarşı yaxşı hazırlaşmaq lazımdır”. 

A.Mircavadov baş məşqçi Ayxan Abbasovun U-21-dən 7 futbolçunu əsas milliyə cəlb etməsinə də münasibət bildirib: “Baş məşqçi millidəki bütün futbolçulara şərait yaratdı ki, oynasın. Onun U-21-dən heyətə bir neçə futbolçu çağırması da çox yaxşı və vacib addım idi. Bunlar gələcəyə hesablanmış addımdır. Tək əsas milli yox, klublar da aşağı yaş qrupundan futbolçuları dəvət etməlidir. Bunlar hamısı zəncirvari olmalıdır. İndi qalır növbəti oyunlarda heyəti təkmilləşdirmək. Bunun üçün də klublar çox iş görməlidir. Milli üzvlərinə, yaxud da buna potensialı olan oyunçulara klublarda şans vermək lazımdır. Fikir verirəm ki, Ayxan Abbasov bütün klubların oyunlarına gedir, futbolçuların hamısını izləyir. Çox yaxşı qərardır. Futbolçunu evdə televizorda izləməklə stadiondan izləmək, onunla  görüşüb danışmaq arasında fərq çoxdur.  Biz İspaniya və ya Portuqaliya deyilik. Həmişə axtarışda olmalıyıq ki, təzə oyunçu tapaq”. 

A.Mircavadov Azərbaycan millisində son oyunlarda gördüyü müsbət və mənfi məqamlara da toxunub: “Millimizdə bir komanda ruhu gördüm. Əsas amillərdən biri budur. Bir futbolçunun səhvini komanda yoldaşları düzəltməlidir. Bu, peşəkarlığın göstəricisidir. Millimizin Latviya ilə oyununda şahid oldum ki, futbolçular arasında çox yaxşı münasibət var. Qol vuran futbolçunu bütün komanda yoldaşları təbrik edir. Bu, çox yaxşı cəhətdir, komandanın ruhudur. 

Çatışmazlıqlar da var. Hazırda millimizə sağ və son cinah vingerləri lazımdır. İki dayaq yarımmüdafiəçisi də çox vacibdir. Biz çox vaxt oyun başlayan kimi topu arxaya ötürürük. Burda problem yoxdur. Amma o topu tez bir zamanda rəqibin cərimə meydançasına aparmaq lazımdır. Bunu kim edəcək? Sürətli vingerlər olmalıdır. Bir də hücumçularımızda lazım olan qədər sürət çatmır. Hücum yaradan və qol vuran hücumçumuz çox azdır. Çünki bəziləri klublarında çox az oynayır. Oynayan futbolçuların da keyfiyyəti arzuolunan səviyyədə deyil. Bunun haqqında düşünmək və işləmək lazımdır”.