Milli komandamız Millətlər Liqasının D divizionunda qrup birincisi oldu, amma Avro-2028-ə qatılmaq üçün pley-off oynamaq şansını Maltaya qapdırdı. Çünki digər qrupun qalibi olan bu yığma bizimkiləri top fərqinə görə qabaqladı. 

Bəzi milli üzvlərinin açıqlamasından belə anlaşılır ki, çoxu heç bu qaydanın mövcudluğundan xəbərdar olmayıb. Yəni, top fərqi nisbətinin vacibliyini bilsəydilər, rəqiblərə daha çox qol vurmağa çalışardılar. Bu barədə futbolçulara heç nə deyilməməsi də qaranlıq qalır. Ola bilməz ki, AFFA-da bunu bilməyiblər. Federasiyanın fəaliyyəti ictimaiyyət tərəfindən hər nə qədər tənqid olunsa da, bu qurumda işini bilən kadrlar kifayət qədərdi. 

Millinin baş məşqçisi Ayxan Abbasovun müqaviləsi bitir. Bu mütəxəssisin Millətlər Liqasındakı işi birmənalı qiymətləndirilmir. Müdafiə futbolu, boz oyun tərzinə görə onu qınayanlar da var, əldə olan oyunçularla məhz belə oynamalı olduğunu düşününlər də. Yəqin ki, birincilər daha çoxdur. Amma ya o yanlıq, ya bu yanlıq Ayxan bəylə bağlı qərar verilməlidir. 

Baş katib Cahangir Fərəcullayevin açıqlamalarından belə hiss olunur ki, onun ürəyindən keçən Ayxan Abbasovu postunda saxlamaqdır. Çünki bir-birinə uyğun adamlar təsiri bağışlayırlar. Ayxan Abbasov özü də açıqlamalarında deyib ki, tez-tez baş katiblə futbolumuzla bağlı müzakirələr, məsləhətləşmələr aparır. 

Fərəcullayevin bizi Andorra, Lixtenşteyn kimi kiçiklərlə bir tutması, yeganə çıxış yolunun müdafiə futbolu oynamaq olduğunu deməsi Ayxan Abbasovun yeni təyinatına zəmin yaratmaqdır. Çünki başqa cürə danışsa, ayrı məşqçi axtarmalı olacaqlar - daha yaradıcı futbola meyil edən mütəxəssis. 

Fərəcullayevin belə danışması Ayxan Abbasov üçün sərfəlidir. Müdafiə futbolu deyəndə, ağla gələn elə ən optimal variant Abbasovdur. Belə görünür ki, AFFA yola Ayxan bəylə davam edəcək. 

Həmid