"Yəqin ki, Şahruddin fikirlərini tam izah edə bilməyib".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov Sport24.az-a açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin Lixtenşteynlə oyunda daha çox qol vurmaqla bağlı fikirlərinə münasibət bildirib. O, yığmanın hazırkı potensialının buna imkan vermədiyini düşünür:
"Amma bir məsələni əminliklə deyə bilərəm ki, millinin futbolçuları pley-off şanslarını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik. Çünki hazırda bizim gücümüz və imkanlarımız buna çatmır. Bizim maksimumumuz bir qol vurmaq, qələbə qazanmağa çalışmaq və ya məğlub olmamaqdır. İndiki vəziyyətdə istədiyimiz rəqibə qarşı 4-5 qol vuracaq səviyyədə deyilik. Bunun üçün həm oyun keyfiyyətimizi artırmalı, həm də daha yaxşı nəticələr qazanmalıyıq. Şahruddinin pley-off şanslarını bilməməsi də normal haldır. Düşünürəm ki, o, sadəcə mövcud vəziyyəti nəzərə alaraq fikirlərini ifadə edib".
Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı yerli mətbuata açıqlamasında Lixtenşteynlə son tur matçında ən azı iki qol vurmalı olduqlarını bilmədiklərini, həmçinin Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün D divizionunda birinci yeri tutmağın əhəmiyyətindən xəbərsiz olduqlarını bildirib.
saytlarin hazirlanmasi
