“Bavariya”nın hücumçusu Harri Keyn öz oyun üslubu ilə Kərim Benzemanın oyun tərzi arasında oxşarlıqlar gördüyünü bildirib.
Sportal.az xəbər verir ki, Karim Benzema 2022-ci ildə, Harri Keyn isə 2026-cı ildə “Qızıl top” mükafatını qazanıb. Beləliklə, komandanın hücumlarının qurulmasında iştirak edən mərkəz hücumçularının nailiyyətləri qiymətləndirilib.
"Karim inanılmaz futbolçudur. Mən həmişə onun böyük pərəstişkarı olmuşam. Onun 2022-ci ildə “Real"da əldə etdiyi nailiyyətlər həqiqətən təsiredicidir. O, yarımmüdafiəyə qədər geri çəkilərək demək olar ki, “10 nömrə” mövqeyində oynamağı, oyunun tempini müəyyənləşdirməyi və ən uyğun anda cərimə meydançasında peyda olmağı bacarır.
Fiziki göstəricilərimiz bir qədər fərqlidir. Lakin oyun zəkası, boş sahələri tapmaq bacarığı və komanda yoldaşlarına kömək etmək istəyi baxımından oyun üslubumuzda çoxlu oxşarlıqlar görürəm.
Hər ikimiz göstərmişik ki, qol vurmaq üçün mütləq cərimə meydançasında olmaq lazım deyil. Mən daha dərinə çəkiləndə qol imkanları ilə daha çox qarşılaşıram, çünki həmin zonada rəqib müdafiəçilər məni o qədər də yaxından izləmirlər. Geri çəkilib hücumun qurulmasında iştirak etdiyim zaman qol imkanları yaranır.
Mən “10 nömrə” mövqeyində oynayıram və rəqib daha dərindən müdafiə olunanda cərimə meydançasının xəttindən zərbələr endirirəm. Bu, mənim ən güclü tərəflərimdən biridir. Ötən mövsüm bunun ən yaxşı nümunəsi oldu. Mən 73 qol vurdum ki, bu da digər mövsümlərdəki göstəricilərimdən təxminən iki dəfə çoxdur, – deyə Keyn bildirib.

