Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev Sportify.az-a müsahibə verib.

Sportal.az həmin müsahibəni müəyyən ixtisarla diqqətinizə çatdırır:

– AFFA rəhbərliyinin Xənkəndidəki oyunda iştirak etməməsi birmənalı qarşılanmadı. AFFA rəhbərliyinə dəvət göndərilmişdimi?

– Xeyr, heç kimə dəvət göndərilməmişdi. Dəvət işi ilə məşğul olan tərəf biz deyildik. Mən burada AFFA-nın iştirak edib-etməməsi ilə bağlı xüsusi fərq görmürəm. Biz kimik? Biz də AFFA-yıq da… Biz də orada idik. Bu, xüsusi tədbir yox, adi liqa oyunu idi.

– Amma oyunda gənclər və idman naziri Fərid Qayıbov, Peşəkar Futbol Liqasının rəhbərliyi iştirak edirdi…

– Klubun özü də kimlərin gələcəyini bilmirdi. Stadion nazirliyindir, PFL liqanın təşkilatçısıdır. Bu qurumların rəhbərliyinə kimsə dəvət göndərməli deyil. Xüsusi proqram, protokol yox idi.

– “Hypers”in prezidenti Ayaz Abdullayevin açıqlaması ilə tanışsınız. Həmin açıqlamada sizin fəaliyyətinizlə bağlı da fikirlər və ittihamlar yer alıb. Buna münasibətiniz necədir?

– Mən onun klubun keçmiş, yoxsa hazırkı prezidenti olduğunu bilmirəm. Gah eşidirəm ki, keçmişdir, gah eşidirəm ki, işinin başındadır. Təzədən eşidirəm ki, keçmişdir. O açıqlamaları ciddi bir şey kimi görmürəm. Özü də orada qeyd edib ki, 40 dərəcə ilə yazıb. Bilmirəm temperaturun bir təsiri varmı? Açıqlamada çox müxtəlif mövzulara toxunulub. Haradan başlayıb, nəyə cavab verəcəyimi də bilmirəm. Konkret sualınız varsa, cavablandıra bilərəm.

– Açıqlamada FİF-in layihələrinin hansı nəticələr verdiyi, Mingəçevirin hazırkı vəziyyəti, “Turan Tovuz”un xərcləri və digər məsələlər tənqid olunur. Bu ittihamlara münasibətiniz necədir?

– Gəlin, konkret məsələlər üzrə danışaq. Nə qədər insan varsa, o qədər də şəxsi fikir var. O fikirləri cavablandıraram ki, arqumentli olsun, fakt olsun. Hər hansı şəxsin fəaliyyətimizi effektiv hesab etməməsi onun şəxsi fikridir. Hamı eyni düşünməli deyil ki?! Mən konkret fakt və arqumentlərə cavab verməyə hazıram. Mən onun iddialarını cavablandırmayacağam.

– Əsas iddialardan biri də “Səbail”in adını dəyişərək, Qubaya köçürülməsi planının sizə məxsus olması və mövcud “Hypers Quba” klubuna lazımi şərait yaradılmamasıdır. Niyə hazırkı klubu inkişaf etdirmək əvəzinə başqa komandanın Qubaya köçürülməsi istiqamətində addımlar atıldı?

– Biz Qubaya köçdüyü ilk gündən “Hypers”ə dəstək olmuşuq. İcra başçısı İlqar Mahmudovla görüşmüş, planlarımızı təqdim etmiş və gələcək əməkdaşlıq barədə danışmışıq. Sonrakı dövrdə də həmişə dəstək göstərməyə çalışmışıq. klubun tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində kömək etməyə çalışmışıq.

Ümumiyyətlə, klublarla əməkdaşlığımız onların məsələyə yanaşması və fəallığı üzərində qurulur. Klub nə qədər istəkli olursa, ortaq baxışımız nə qədər uyğun gəlirsə və razılaşdırılmış planlar nə qədər həyata keçirilirsə, biz də bir o qədər dəstək göstərməyə çalışırıq. Fəaliyyətimiz bütün klublarla heç də eyni templə getmir. Kiminləsə çox aktivik, kiminləsə işlər çox yaxşı alınır, kiminləsə də ümumiyyətlə fəaliyyətsizlik var. Bizim üçün əsas meyar budur.

İnvestor məsələsinə gəlincə, bəli, potensial səhmdarla danışmış, onlara “Hypers Quba” klubunu təklif etmişəm. Görüşlər keçirilib, Qubada olublar, stadionu gəziblər. Həmin görüşlərdə özüm iştirak edə bilmədim. Ayaz bəylə danışdım və o, investorları qarşılayaraq stadionu göstərdi, danışıqlar apardı.

Amma guya “Borclarını qarşılasınlar, klubu götürsünlər” deməyim tamamilə yanlış fikirdir. Mən Ayaz bəydən dəfələrlə klubun borcunun olub-olmadığını soruşmuşam. O isə klubun bir qəpik belə borcunun olmadığını dəfələrlə bildirib, “Özüm bu xəbərləri yayıram ki, bəlkə qubalılar maraq göstərərlər” söyləyib. “O zaman istəyiniz nədir?” sualını ünvanladıqda cavabı belə olmuşdu: “İstəyim odur ki, mənə pul ödənilsin. İndi 400 – 500 min, I Liqaya yüksələcəkləri təqdirdə, 700 min – 1 milyon manata satmağa hazıram. Amma hələ konkret məbləğ demirəm”.

Mən ona izah etmişəm ki, özünüz bilərsiniz, biz klub alqı-satqısı ilə iştirak etmirik. Qarşı tərəfə də bildirmişəm ki, bizim bu prosesdə iştirakımız yoxdur. Danışmaq istəyirlərsə, özləri əlaqə saxlasınlar.

Sonradan investorlar qərar verərək “Səbail”lə danışıqlara başlayıblar və razılığa gəliblər. Biz həmin prosesdə iştirak etməmişik. Bizim iştirakımız yalnız o zaman olub ki, onlar bizə Qubaya köçmək planları olduğunu bildiriblər. Biz də bölgə klubları ilə işlədiyimiz üçün bu təşəbbüsü dəstəkləməyə hazır olduğumuzu söyləmişik.

– Yəni potensial investorlar Ayaz Abdullayev çox pul istədiyi üçün “Hypers Quba” klubundan imtina edib “Səbail”i seçiblər?

– Çox pul istədiyi yox, ümumiyyətlə pul istədiyi üçün. “Səbail”in borclarını qarşıladıqlarını bilirəm. Amma prosesdə iştirak etməmişəm. Bildiyim qədərilə, investorların təklifi belə olub ki, klubun borcu varsa, onu qarşılasınlar və hətta Ayaz bəyin də klubda qalması şərti ilə fəaliyyəti davam etdirsinlər. Amma Ayaz bəy demişdi ki, kluba pul qoymuşam, o pulu çıxartmalıyam. Mən də izah etmişəm ki, FİF o işlə məşğul olmur. Onun istəyini qarşı tərəfə ötürmüşəm. Məsələ ümumən belə olub.

– Ayaz Abdullayevin açıqlamasından belə başa düşülür ki, iş adamları futbola investisiya qoymaq istəsələr də, bu cür yanaşmalar onları futboldan uzaqlaşdırır…

– İlk növbədə, həmin şəxsin futboldan uzaqlaşıb-uzaqlaşmadığını dəqiqləşdirmək lazımdır. Onun istəyi klubu satmaq deyildimi? Bildiyim qədərilə, klub hazırda Bərdəni təmsil edir.

– “Turan Tovuz”la bağlı məsələyə də aydınlıq gətirərdiniz. Klub Ehtiram Quliyevə veriləndə ona 2019-cu ildə tətbiq edilmiş və Avropa kuboklarında iştirakına mane ola biləcək sanksiya barədə məlumat verilmişdimi?

– Kimsə bunu ortaya atıb, amma elə bir şey yoxdur. 2019-cu ildə kluba qarşı heç bir sanksiya tətbiq edilməyib. Ehtiram müəllimin də bu barədə məlumatlı olması mümkün deyildi, çünki belə bir sanksiya olmayıb.

UEFA qaydalarına əsasən, klubun bir və ya daha çox futbolçusunun oyunların nəticələrinə təsir göstərməkdə iştirakı ilə bağlı şübhələr yarandıqda araşdırma başlana bilər. Klubun 2026/2027 mövsümündə avrokuboklardan uzaqlaşdırılması da bununla bağlı olub. Bu məsələ də həmin qaydalar çərçivəsində araşdırılıb. Bununla bağlı bir neçə mütəxəssis açıqlama verib.

Bir daha vurğulayıram ki, 2019-cu ildə kluba qarşı sanksiya tətbiq olunmayıb. Əgər belə bir sanksiya olsaydı, həmin vaxt qüvvəyə minərdi və sonradan eyni məsələ ilə bağlı yenidən qərar qəbul edilməsinə ehtiyac qalmazdı.

– Bəs UEFA bu məsələni niyə məhz indi gündəmə gətirdi?

– Bu məsələnin detalları üzrə mütəxəssis deyiləm. Klub avrokuboklara gedəndə blank imzalayır. Həmin sənədlər əsasında UEFA araşdırma başlada bilər. Amma təfərrüatları daha yaxşı izah etmək üçün idman hüquqşünasına müraciət etməyiniz məsləhətdir. Mən bu məsələyə dair daha ətraflı hüquqi şərh verə bilməyəcəyəm.

Əsas məqam odur ki, 2019-cu ildə heç bir sanksiya tətbiq edilməyib. Nə mənim, nə Ehtiram müəllimin, nə də digər şəxslərin belə bir sanksiyadan xəbərdar olması mümkün idi.

– “Mingəçevir”in hazırkı vəziyyətindən xəbərdarsınız. Klub üçün sponsor axtarışı istiqamətində işlər görülürmü?

– Əlbəttə, Mingəçevirin çətin vəziyyətdə olduğunu bilirik. Klubla həm əvvəlki dövrlərdə, həm də hazırda əlaqə saxlayırıq, dəstək göstərməyə çalışırıq. Bizim işimiz də məhz budur.

Bəzən qeyri-adekvat insanlar olacaq ki, nə isə yazacaqlar. Hamısına fikir versəm, işimiz alınmayacaq. Təbii ki, prosesdə kimlərsə narazı qala bilər. Bizim məqsədimiz o insanları xoşbəxt etmək deyil, daha çox region klublarının davamlı fəaliyyət göstərməsinə çalışmaqdır.

“Mingəçevir” hazırda müəyyən problemlər yaşayır və biz onların həlli üçün çalışırıq. Komandanın əmək haqqı problemi var idi, oyuna çıxa bilməmişdilər. Artıq onlar həll olunub və klub məşqlərə başlayıb. İlin sonuna qədər çalışacağıq ki, mövcud məsələləri kökündən həll edək.

– Gələn mövsüm üçün Premyer Liqada komanda sayının artırılması müzakirə olunur. Sizcə, hazırda klubların bunun üçün imkanları nə dərəcədədir? Komandalar öz daxili resursları hesabına fəaliyyət göstərə bilərlərmi, yoxsa əsasən dövlət dəstəyinə güvənirlər?

– Belə qərarlar qəbul edilərkən bir çox amil nəzərə alınır. Klubların maliyyə imkanları, infrastrukturu, idarəetmə strukturu, peşəkarlıq səviyyəsi və digər məsələlər qiymətləndirilir.

Düzdür, bu il I Liqa heç vaxt olmadığı qədər rəqabətlidir. Deyərdim ki, indiyədək belə güclü I Liqa olmayıb. Amma buna baxmayaraq, müxtəlif məqamları nəzərə alaraq düşünürəm ki, bu mövsüm Premyer Liqada komanda sayını artırmaq hələ tezdir.

Məsələn, Birinci Liqada çıxış edən 4 iddialı komandadan 2-nin hazırda stadionu yoxdur. Nə vaxt ki, 3-4 komandanın lazımi infrastrukturu olacaq, onda komanda sayının artırılması barədə daha ciddi düşünmək mümkündür.

Düzdür, ötən mövsüm komanda sayı artırıldı və onda da stadion problemi olan klublarımız var idi. Amma o çətinlikləri də yaşamaq lazımdır, yoxsa başqa cür say artırmaq alınmayacaq. Bununla belə, düşünürəm ki, infrastruktur problemləri olan komandaları davamlı olaraq, Premyer Liqaya buraxmaq düzgün olmaz. Məncə, o komandalar da vəziyyətlərini düzəltməlidirlər. İlk növbədə, I Liqada infrastruktur vəziyyətini yaxşılaşdırmalıyıq. Hər halda, bu məsələni əlçatmaz görmürəm. Vaxt var idi ki, Premyer Liqada 8 klub oynayırdı. O zamanlar komanda sayını artırmaq çox çətin görünürdü. Amma indi problemin yaxın zamanlarda həll olunacağı hiss edilir. I Liqanın bu cür rəqabətli, Premyer Liqanın maraqlı keçməsi onu deməyə əsas verir ki, yaxın illərdə Premyer Liqada 14, daha sonra isə 16 komanda çıxış etməsi mümkündür.

– “İmişli” klubu artıq iki ildir stadion problemi yaşayır. Bu məsələyə nə qədər dözümlü yanaşmaq olar? Komandalar Premyer Liqaya buraxılır, amma lazımi infrastruktura malik olmurlar…

– Xatırlayırsınızsa, “Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya buraxılanda da çoxlu tənqidlər səslənirdi. Hətta klubların avtobusunun olmaması belə müzakirə mövzusu idi. Elə detallara bu qədər sərt yanaşsaq, bizim kimi ölkədə komanda sayını artırmaq və liqanı böyütmək çətin olacaq.

Düzdür, “İmişli” iki ildir stadionsuzdur, amma məncə, bu klubun üzərinə çox gedirik. Bu komandadan əvvəl Premyer Liqaya buraxılan komandalara da hansısa formada köməklik göstərilmişdi. “Turan Tovuz”un stadionu AFFA tərəfindən tikilib, UEFA-dan əldə olunan vəsait hesabına bu iş görülüb. “Kəpəz” üçün baza yaradılıb, stadion problemi son illərdə dövlət tərəfindən həll olunub. “Zaqatala”nın stadionu var idi. “Şamaxı” üçün stadion AFFA tərəfindən tikilərək istifadəyə verildi. “Mingəçevir”in də stadionu mövcud idi.

“İmişli”də isə əvvəlcə stadionun olduğu düşünülsə də, sonradan investor gəldikdən sonra problemlərin həddindən artıq olduğu üzə çıxdı. Bu problemlərin həlli də təkcə investorun üzərinə düşdü.

Bəli, qınamalı mövzudur, çünki 2 ildir stadion məsələsi həll olunmur. Amma digər tərəfdən, bir qədər empatiya göstərilməlidir. Çünki adam problemi tək həll etməyə çalışır və özünün də imkanları o qədər yüksək deyil ki, stadion tikə bilsin. Bildiyim qədərilə, bu məsələdə çox ciddi irəliləyiş var. İmişlidə torpaq sahəsinin ayrılması ilə bağlı məsələ bu günlərdə həll olunmalı idi. Klub həmin ərazidə özünün kiçik stadionunu tikməyi planlaşdırır.

Yenə də vurğulayıram ki, söhbət təkcə “İmişli”dən getmir. Eyni sualı digər klublar barədə də verə bilərik. Komanda sayının artırılması üçün müəyyən qədər dözümlülük göstərməliyik. Əks halda, tələbləri indidən çox sərt qoysaq, gələcəkdə liqanın genişlənməsini və rəqabətədavamlı komandaların formalaşması prosesini özümüz çətinləşdirəcəyik.

– Klublara uşaq futbolunun və infrastrukturun inkişafı üçün vəsait ayrılır. Amma bəzən həmin pullar legioner futbolçuların transferinə xərclənir. Bu məsələyə qarşı hansısa məhdudiyyətin tətbiqini düşünürsünüzmü?

– Bizim səlahiyyətimiz yoxdur ki, hansısa kluba konkret olaraq nəyi etməyi qadağan edək. Digər tərəfdən, yerli futbolçularla bağlı limit də ləğv olunub. Hər hansı qayda tətbiq ediləcəksə, bu, hamı üçün eyni şərtlərlə olmalıdır.

Dövlət tərəfindən klublara vəsait ayrılır və həmin vəsaitin xərclənməsi ilə bağlı müəyyən meyarlar mövcuddur. Hansı klub bu meyarlara əməl etmirsə, onunla bağlı müvafiq sanksiyalar nəzərdə tutulur. Bu məsələlər şəxsi münasibət və ya kiminsə qınağı ilə deyil, mövcud qaydalar əsasında tənzimlənir. Klublar da həmin qaydalar çərçivəsində fəaliyyət göstərirlər.

– “İmişli” və “Şəfa” klublarına AFFA tərəfindən uşaq futbolu ilə bağlı hansısa maliyyə sanksiyasının və ya vəsaitin dondurulmasının tətbiq olunduğu bildirilir. Bu barədə məlumatınız varmı?

– Bu barədə məlumatım yoxdur. Ona görə də konkret fikir bildirə bilmərəm. O prosesdə biz yoxuq, bizim vasitəmizlə aparılmır.

– “Şahdağ Qusar” klubunun stadion məsələsində hansı yeniliklər var?

– “Şahdağ Qusar”ın stadionu ilə bağlı konkret məlumat verə bilməyəcəyəm. Bu günlərdə, hətta dünən də nazirliyin nümayəndəsi ilə söhbətimiz olub. Bildiyim qədərilə, layihələndirmə mərhələsi başa çatmaq üzrədir. Ümid edirəm ki, məsələ yaxın illərdə həllini tapacaq. Düşünmürəm ki, stadionun tikintisi bir il ərzində yekunlaşsın. Amma yaxın bir neçə ildə bu problemin həll olunacağını gözləyirəm.

– Premyer Liqaya yüksələcəyi təqdirdə, klubun Qusarda oynamaq imkanı olacaqmı?

– Görək də… Situasiyaya uyğun həll ediləcək. Klubun orada müəyyən planları var. Baza tikintisi nəzərdə tutulub və bunun üçün ərazi ayrılıb. İcra hakimiyyəti də dəstək göstərir. Ümumiyyətlə, klubun Qusarda məskunlaşmaq planları var. Amma bunun üçün ilk növbədə stadion məsələsi həll olunmalıdır.

Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Bizə verilən məlumata əsasən, müvafiq təsdiqlər var və yaxın zamanda stadionun tikintisinə başlanılması gözlənilir.