Azərbaycanın U-15, U-16, U-17, U-18 və U-19 yığma komandalarının sabiq baş məşqçisi Aqil Nəbiyev Sportal.az saytına müsahibə verib.
 

Azərbaycan yığmasından ayrıldıqdan sonra işsizsiniz. Hazırda fəaliyyətiniz nədən ibarətdir?

Bəli, bir neçə aydır ki, işsizəm. Düzdür, bəzi təkliflər və danışıqlar da olub. Amma qane etmədiyi üçün müqavilə imzalamamışam. Hazırda gözləmə mövqeyindəyəm. Allah qoysa, özüm üçün sərfəli təklif olarsa, bunu dəyərləndirəcəyəm. Yenə də maraqlanırıq, futbolun içindəyik, futboldan tam uzaqlaşmaq fikrim də yoxdur. Çünki biz futbol adamlarıyıq, lap uşaqlıqdan futbolun içindəyik. Futbolçu olmuşam, sonra məşqçilik karyeram olub. Düşünürəm ki, məşqçilik fəaliyyətində də pis çalışmamışıq. Ümid edirəm ki, sərfəli təklif olacaq və yenidən məşqçilik fəaliyyətimi davam etdirəcəyəm.

İndiki U-17 və U-19 yığmalarımız da uğurlu çıxış etmirlər. Yəqin ki, sizin üçün gözlənilməz deyil? Çünki futbolçu nəsli sanki ildən-ilə daha da zəifləyir...

Bəli, U-17, U-19 və digər yaş qruplarından ibarət yığmalarımızı izləyirəm. Çünki altı ildən çox yığmanın baş məşqçisi olmuşam. Fürsət düşdükcə, aşağı yaş qruplarından ibarət liqaları da izləyirəm. Dəfələrlə mətbuatda da demişəm, kimsə deyə bilməz ki, Azərbaycanda futbolçu yoxdur. Var, amma futbolçu qıtlığı da var. İldən-ilə futbolçuların keyfiyyəti aşağı düşür. Bunun da bir çox səbəbləri var. Səbəblər bütün futbol ictimaiyyətinə məlumdur. Neçə ildir ki, bu haqda danışırıq, amma hələ ki ortalığa çıxacaq bir şey yoxdur.

2012-ci il təvəllüdlü yaş qrupuna qədər bütün futbolçuları tanıyıram. Çünki bu, bizim işimiz, vəzifəmiz idi. Altı ildən çox yığmanın baş məşqçisi olduğum üçün futbolçuların hamısını bir-bir tanıyıram. Əvvəlki illərdə futbolçu sayı daha çox, futbolçuların keyfiyyəti isə daha yaxşı idi. Amma özünüz görürsünüz ki, son illər milli komandaların məğlubiyyətləri acı olur, ağır məğlubiyyətlər alırıq. Əvvəllər istər əsas milli, istərsə də digər yaş qruplarımız daha üst səviyyəli komandalara qarşı mübarizə apara bilirdi. Ancaq biz artıq kiçik ölkələrlə mübarizəyə qoşuluruq. Futbolçuları tanıdığım üçün deyirəm ki, qarşıdakı bir neçə ildə bundan da acı məğlubiyyətlər almaq ehtimalımız var. Təbii ki, bunun qarşısını almasaq, belə olacaq.

Bildiyim qədərilə, Azərbaycan millisinin heyətinə Andorra ilə matçda debüt edən və qol vuran Eşqin Əhmədov, o cümlədən Nihad Əhmədzadə və Murad Məmmədov ilk dəfə sizin vaxtınızda U-16 yığmamıza, daha sonra isə U-17 və U-19 yığmalarımıza cəlb ediliblər. Bu proses necə gerçəkləşdirilmişdi?

U-17 və U-19 yığmalarımızın seçmə mərhələdəki bəzi oyunlarını onlayn izləmişəm. Hər iki qrup çox da ağır deyildi. Amma artıq biz belə rəqiblərə qarşı da mübarizə apara bilmirik. Burada yığma komandaların baş məşqçilərini qınamaq olarmı? Təbii ki, yox. Çünki tanıdığım üçün bilirəm ki, seçim imkanları məhduddur və əllərində olan bir neçə futbolçunu da daha yuxarı yaş qruplarına dəvət edirlər. U-17 və U-19 yığmalarının məşqçiləri həmin futbolçulardan da yararlana bilmirlər. Hər bir yaş qrupunda 2-3 futbolçu var ki, komandaya daha çox fayda verə bilər. Onlar da daha yuxarı yaş qruplarına gedirlər.

Qruplardan çıxmaq olardı? Bəli, olardı. U-19 yığmasının rəqibləri Serbiya, Monteneqro və Farer adaları idi. "Top" ölkələr yox idi. Amma Serbiyanın aşağı yaş qruplarının yaxşı nəticələri var, futbolçuları Avropanın yüksək liqalarında oynayırlar. Ötən il biz Monteneqronun bir yaş kiçik yaş qrupuna qarşı oynamışdıq. Özü də Monteneqroda oynamışdıq və 2:1 hesabı ilə qalib gəlmişdik. Bu dəfə isə yığmamız Monteneqroya 7:2 hesabı ilə ağır məğlubiyyətə uğradı. Amma məşqçi bəzən çarəsiz qalır. Çünki dediyim kimi, keyfiyyət baxımından problemlər olduğu üçün vəziyyət bu yerə gəlib çıxır.

U-17 yığmamız isə Almaniya ilə qarşılaşdı. Son illərdə Almaniya futbolunda durğunluq var. İnkişaf baxımından Fransa, Portuqaliya və İspaniya səviyyəsində deyillər. Almaniyanı saymasaq, digər iki komanda ilə yaxşı nəticə göstərmək olardı. Təəssüflər olsun ki, U-17 yığmamız da qrupu sonuncu yerdə başa vurdu.

Necə düşünürsünüz, həmin futbolçular gələcəkdə A millimizin aparıcı üzvlərinə çevrilə biləcəklər? Daha çox hansı futbolçudan gözləntiniz yüksəkdir? Murad Məmmədov ölkə xaricində, "Pafos"da oynayır. Eşqin Əhmədov və Nihad Əhmədzadənin legioner həyatı yaşamaq potensialını necə görürsünüz? Hər halda, milli üçün də yaxşı olardı ki, onlar daimi oynasınlar, xaricdə çıxış etsinlər...

Təkcə Eşqini yox, 2020-ci ildən yığma komandada çalışdığım müddətdə bir çox futbolçunu tanımışam. Siyahını genişləndirmək istərdim: Eşqin Əhmədov, Edqar Adilxanov, Rüfət Abbasov, Murad Məmmədov, Nihad Əhmədzadə, Şahin Şahniyarov, Xəyal Fərzullayev... Premyer Liqada, U-20 yığmasında və əsas millidə oynayan futbolçular var ki, onlar ilk dəfə bizim yığmaya dəvət edilmişdilər. O vaxtdan da onların potensialını bilirdik. Bununla bağlı bir neçə dəfə AFFA-da görüşümüz olmuşdu və rəhbərliyə məlumat vermişdik. Hətta həmin vaxt suallar veriləndə ki, gələcəkdə bu futbolçulardan nə gözləyirsiniz, mən bir çox futbolçunun adını çəkmişdim və onların gələcəkdə A millidə oynayacaq qədər potensiallı olduqlarını bildirmişdim.

Adını sadaladığım futbolçularım da A millidə oynayırlar. Onların potensialı çox böyükdür, milliyə dəvət olunmağa layiqdirlər. Məni sevindirən tərəf odur ki, seçimlərimdə yanılmamışam. Həmin futbolçuların hazırda A millidə olması mənim üçün qürurvericidir, fəxr edirəm.

Eşqin Əhmədovun futbolçu savadı, insani keyfiyyətləri və yanaşması üst səviyyədədir. İlk oyununda qol vurması məni çox sevindirdi. İnanıram ki, gələcəkdə ölkə xaricində də oynayacaq potensialları var. Bugünkü gündə Murad Məmmədov "Pafos"dadır. Çox sevindirici haldır ki, gənc yaşında Avropada legioner həyatı yaşayır. Bu, digər gənclərə də motivasiya olar. Ümid edirəm ki, Murad orada qalıcı olar, digər futbolçularımız da legioner həyatı yaşayar.

Rüfət Abbasov da "Neftçi"də və A millidə əsas oyunçulardandır...

Bəli, Rüfət daim əsas millidə yer alan futbolçudur. Ümid edirəm ki, Eşqin və digərləri də A millinin formasını daim geyinəcəklər, uzun illər orada olacaqlar. Çünki onların gücü və potensialı var. Hətta bir neçə futbolçu var ki, ümid edirəm, gələcəkdə əsas millinin məşqçiləri həmin futbolçuları da yığmaya dəvət edəcəklər. Söhbət 2005-2006-cı il təvəllüdlü yaş qrupundan gedir. Həmin yaş qrupundakı futbolçular demək olar ki, bizimlə birlikdə böyüyüblər. 3-4 il ərzində 95 faiz eyni heyət daim milliyə dəvət edilib. Bizimlə birlikdə böyüyüblər, çünki onların potensialını bilirəm. Gələcəkdə onların siyahısı daha da genişlənəcək. Mən o futbolçuları tanıyıram, keyfiyyətlərini bilirəm. Qarşıdakı illərdə yığma komandamıza dəvət ediləcək oyunçuların siyahısı həmin yaş qrupundan olacaq.

Futbol adamı kimi çox istəyərdim ki, ölkə xaricində oynayan futbolçuların sayı çox olsun. Belədə, futbolçunun keyfiyyəti, dünyagörüşü və yanaşması dəyişir. Futbolçu üzərində çox çalışmalıdır. Əsas milliyə, yaxud U-21 yığmasına dəvət edilibsə, bununla kifayətlənməməlidir. Daha çox çalışıb, xaricə çıxmağı bacarmalıdırlar. Bizi sevindirər ki, onlar xaricdə oynayıb, millimizə fayda versinlər.

Ən böyük problemlərdən biri legioner limitinin aradan qalxmasıdır. Nəticədə azərbaycanlı futbolçular bir çox klublarda oynamırlar. Bəzən elə olur ki, 22 futbolçunun biri də yerli olmur. Bu sıxıntılar olduğu üçün özlərini yaxşı formada saxlayıb, xaricə çıxmalıdırlar. Bu baş verərsə, yığmamızın nəticələri daha yaxşı ola bilər.

Bəs U-15 yığmamızın dünya çempionatındakı çıxışını necə dəyərləndirirsiniz?

Bəli, onları da izlədim. Təəssüf ki, üzücü məğlubiyyətlər aldıq, Əfqanıstana və Vyetnama uduzduq. Bir neçə il bundan əvvəl yığmamız Türkiyə, Belçika və Rusiyaya qarşı mübarizə aparırdı. İndi isə Əfqanıstan və Vyetnama qarşı mübarizə aparırıq, onu da apara bilmirik, uduzuruq.

Klublar çox çalışmalı, futbolçuları daha çox inkişaf etdirməlidirlər. Aşağı yaş qruplarında ən böyük problemlərdən biri də təhsil və maariflənmədir. Ən keyfiyyətli, ən savadlı, ən bacarıqlı məşqçilərimiz təməldə çalışmalıdırlar ki, futbolçular müəyyən yaşa çatanda Azərbaycan futboluna fayda versinlər. Bu gün ən yaralı yerlərimizdən biri budur ki, bir çox klubda və akademiyada futbolçuları normal şəkildə inkişaf etdirə bilmirik. Buna görə də problemlər yaşayırıq. Ümid edirəm ki, qısa müddətdə problemlər aradan qalxar. Bir də, bir məsələni demək istəyirdim. Uzun illər millidə işləmişəm. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda görürəm ki, yığmamız məğlub olanda başlayırlar ki, futbolçuları niyə inkişaf etdirmirlər? Futbolçu milliyə klubdan hazır gəlməlidir. Millinin çox vaxtı olmur. 5-10 gün ərzində 2-3 oyun oynayırsan. Həmin matçlar arasında bərpa prosesi üçün zamana ehtiyac olur, məşq etmək üçün isə çox da vaxtın olmur. Ona görə də bu vəzifə sırf klubların üzərinə düşür.

Bəli, millinin məşqçisi yanlışlıqlara yol verə, səhvlər edə bilər. Razıyam. Amma millinin baş məşqçisi futbolçunu inkişaf etdirəcək insan deyil. Bununla bağlı bəzən tənqid edəndə, sosial şəbəkədə yazanda da düşünməlidirlər ki, millinin məşqçisinin çox vaxtı olmur. Millinin baş məşqçisinin üzərinə düşən vəzifə futbolçuları taktiki və psixoloji cəhətdən hazırlamaqdır. Fiziki baxımdan böyük bir dəyişiklik əldə etmək olmur. U-20 yığması hər ay toplanış keçirir. Hər ay toplanış olsa, bununla bağlı daha böyük işlər görmək olar. Yoxsa, il ərzində 3-4 dəfə toplanışın olursa, millinin baş məşqçisi kimi futbolçularda çox şeyi dəyişə bilmirsən.

Mirbağırağa