"Kimsə məşqlərə mobil telefonla gəlsə, onu götürüb dənizə atacam"

17:25 - 17 Avqust 2013

Paolo Di Kaniodan ciddi qaydalar
 
“Sanderlend”in baş məşqçisi Paolo Di Kanio komandada ciddi nizam-intizam qaydaları yaradıb.
 
Sportal.az xəbər verir ki, “The Guardian”a danışan italiyalı mütəxəssis futbolçulara məşqlərə telefonla gəlməyi, bəzi içki və ərzaq məhsullarından istifadə etməyi qadağan edib. Di Kanioya görə ailə və dostlarla tez-tez telefonla əlaqə saxlamaq futbolçuların oyunlara və məşqlərə köklənməsinə mane olur. Hətta o, oyunçularına həzm üçün zərərli olan ketçup, mayonez və s kimi bəzi məhsullardan uzaq durmağı tapşırıb:
 
“Əgər kimsə məşqlərə mobil telefonla gəlsə, çantasında saxlasa belə, telefonu götürüb dənizə atacam. Hətta oyundan əvvəl bir fincan qəhvə problemlər yarada bilər. Qəhvə içmək olar, amma meydana çıxmamışdan 3-4 saat əvvəl. Bu içki növü əhvala pis təsir edir. Onu səhər evdən çıxmamışdan əvvəl içə bilərlər. Hələ kolanı demirəm. Futbolçular onu buzla içməyi çox xoşlayır. Kola oyunçuya normal oynamağa imkan vermir. Həmçinin futbolçuların komandanın tibbi heyətindən kimləsə dostluq etməsinə də icazə vermərəm. Bu, mənim xoşuma gəlmir”. 

Xəbər xətti