Quba Şəhər Stadionu 31 Mart Stadionu adlandırılsın!

15:49 - 12 Sentyabr 2013

...beynəlxalq səviyyəli oyunlar keçirmək üçün də əlverişli vəziyyətə gətirilsin
 
Azərbaycanda son illər çoxlu sayda Olimpiya kompleksi və stadion istifadəyə verilib. Sportal.az xəbər verir ki, belə idman qurğuları arasında bölgələrdə də inşa olunanlar yetərincədir. Eyni zamanda, hələ də yenidən qurulmasına ehtiyac duyulan stadionlara rast gəlinir. Buna misal kimi, Quba şəhər stadionunu göstərmək olar. 
 
 
Vaxtilə bu arenada Qubanın müxtəlif komandaları Azərbaycan çempionatlarında, hətta SSRİ miqyaslı yarışlarda çıxış edərək, minlərlə tamaşaçının rəğbətini qazanıblar. Lakin son illər bu rayon Azərbaycanın I divizionunda belə, təmsil olunmur. Üstəlik, Quba şəhər stadionu məhvolma təhlükəsi ilə üzləşib. 
 
Meydanın ot örtüyünü bataqlıq əvəzləyib, tribunalar sökülüb, bir sözlə, stadion tanınmaz hala düşüb. Halbuki yerləşdiyi məkan bu idman qurğusunun müasir və beynəlxalq standartlara uyğun vəziyyətə gətirilməsini zəruri edir. 2007-ci ildə stadion ərazisində yenidənqurma işləri zamanı kütləvi məzarlıq aşkarlandıqdan sonra meydanın arxa qapısına yaxın hissəsində Quba Soyqırımı Memorial Kompleksinin tikintisi aparılıb. 
 
Meydanın sağ tərəfi boyunca Qudyalçay axır, solu isə meşəlikdir. Stadion yenidən qurularsa, görünüşü ilə dünyanın bir çox ekzotik arenalarından geri qalmayacaq. Digər tərəfdən, Quba şəhər stadionunu müasirləşdirmək tarixi və siyasi baxımdan da önəmlidir. Çünki meydanın arxasındakı Quba Soyqırımı Memorial Kompleksinin bütün qonaqların diqqətini cəlb edəcəyi şübhəsizdir. Bu da ermənilərin Azərbaycanın müxtəlif bölgələrində 1918-ci il martın 30-da və 31-də törətdikləri vəhşilikləri bütün dünyaya nümayiş etdirməkdə daha bir önəmli vasitə rolunu oynayacaq. Bütün bunları nəzərə alaraq, İdman Araşdırmalar Mərkəzi təklif edir: 
 
- Quba şəhər stadionu beynəlxalq tələblərə uyğun və Azərbaycandakı digər arenalardan ekzotik görkəmi ilə fərqləndirilməklə, yenidən qurulsun;
 
- Arena Azərbaycanlıların Soyqırımı gününün xatirəsinə 31 Mart Stadionu adlandırılsın;
 
- Stadion təkcə respublikadaxili deyil, FİFA-dan müvafiq lisenziya alınmaqla, beynəlxalq səviyyəli oyunlar keçirmək üçün də əlverişli vəziyyətə gətirilsin. 

Xəbər xətti