O yerdə ki, Elxan Məmmədovun adı var, əmin olun ki, orada almanlarsız keçinmək mümkün olmur
Almaniya dünyanın öncül futbol ölkələrindən hesab olunsa da, biz bu almanlardan heç xeyir görə bilmədik.
Belə baxanda da, Berti Foqts istisna olmaqla AFFA-nın gətirdiklərinin heç biri Almaniyanın özündə də sayılıb-seçilən mütəxəssislərdən deyil. Yəqin ki, “Neftçi” azarkeşləri hələ uzun illər Gedeni yaddan çıxarmayacaqlar. AFFA-nın tapıntılarından olan Gede 1 ilin içində “Neftçi”ni nə günə saldısa, bilmək olmurdu, bu komanda “flaqman”dır, yoxsa çempionatın debütantı!
Daha sonra Azərbaycan futbolunda Şefer peyda oldu. Adam nə dedisə, Hafiz Məmmədov onun üçün hər şey etdi. Di gəl ki, “Bakı” da alman mütəxəssisdən xeyir görə bilmədi.
Və nəhayət, AFFA-nın öz proyekti olan “Sumqayıt”. Heç kim şübhə etmirdi ki, bu komandanı alman mütəxəssis çalışdıracaq. O yerdə ki, AFFA-nın baş katibi Elxan Məmmədovun adı var, əmin olun ki, orada almanlarsız keçinmək mümkün olmur. Təəssüf ki, Elxan bəyin tapıb gətirdiyi almanlar qeyri-adi istedadları ilə seçilməyib heç vaxt. “Sumqayıt”a gətirilən Bernard Raab da futbolumuza heç nə qazandırmadı. Demirəm ki, o, zəif məşqçi idi. Yox, əksinə Raabın işləmək həvəsi çox idi. Ancaq normal düşüncə ilə götürəndə də, əgər hər hansı mütəxəssis başqa ölkəyə gəlirsə və onun verdiyi nəticələr yerli mütəxəssislərdən fərqlənmirsə, əcnəbiyə heç bir ehtiyac yoxdur. Ona verilən böyük pullar da israfdan başqa heç nə deyil.
Əgər “Sumqayıt” Raabla da autsayder idisə, o zaman qoy, Aqil Məmmədovla autsayder olsun. Heç olmasa bilirik ki, yerli mütəxəssis yetişir. İndi “Sumqayıt” Premyer Liqanın lideridir. Gənclərdən təşkil olunmuş bu komandanın uzun müddət zirvədə qalacağını güman etmək çətindir. Ancaq istənilən halda məhdud büdcə və cavanlarla qurulan komandanın istəyi və əzmkarlığına sevinməmək olmur. Klubun prezidenti Raabla görmədiyi günləri Aqil Məmmədovla görür. Amma heç inanmıram ki, Raabın qazandığı pulu nə vaxtsa Aqil Məmmədova verərlər. Bizim futbolun öz qaydaları var. Ağasəlim Miracvavadov demişkən, “əcnəbilərin hər şeyi şirin olur”.
Emin ABBASOV
saytlarin hazirlanmasi