"Çempionluq mübarizəsi "Qarabağ", "İnter" və "Neftçi" klubları arasında gedəcək"
Təcrübəli mütəxəssis Vaqif Paşayev Sportal.az saytı üçün 5-ci turun oyunlarını təhlil edib.
“Neftçi” – “Xəzər Lənkəran” 1:0- Arif Əsədov cavan olsa da, işini bilən məşqçidi. Son zamanlar “Neftçi” nizam-intizam və fiziki hazırlıq baxımından çox axsayırdı. 70-ci dəqiqədən sonra komanda fiziki cəhətdən dayanırdı. Bunu Arif müəllim də açıqlamasında etiraf edib. Mənə elə gəlir ki, “Neftçi” Arif Əsədovun əvvəlki vaxtlarındakı kimi olacaq. Rəqibə gəlincə isə, Mirça Rednik gedəndən sonra “Xəzər Lənkəran”da nə baş verdiyini anlamıram. Oyundan da göründü ki, Lənkəran təmsilçisində nizam-intizam yoxdur. Hiss olunur ki, azarkeşlər də komandadan incik düşüb.
“Simurq” – “Qəbələ” 1:2 - Mən “Simurq”un qalib gələcəyini düşünürdüm. Zaqatala klubu bütün rəqibləri üçün başağrıya çevrilir. Bu nəticəni sensasiya hesab edirəm. Lakin 3 xalı qazanmağına baxmayaraq, “Qəbələ” də “Xəzər Lənkəran” kimi komandadır. Onlarda da heç bir oyun üslubu sezilmir. Qeyri-sabit oyunla çempionluq uğrunda mübarizə aparmaq mümkün deyil. Bu klublarda bir oyunda nəticə olur, digərində isə yox. “Qəbələ” hətta Avroliqaya vəsiqə qazansa da, bu oyunla heç nə edə bilməz.
“Araz Naxçıvan” – “İnter” 1:3- “İnter”in oturuşmuş heyəti var. Məşqçinin də işi göz qabağındadır. Onlarda sistem var, oyun intizamı da çox güclüdür. Hər futbolçu öz mövqeyində hansı işi görəcəyini yaxşı bilir. “İnter” həmişə yüksək yerlərdə olacaq. Kaxaber Sxadadzenin komandası Avroliqada da uğurlu ola bilərdi, ancaq bəxtləri gətirmədi. Araz Naxçıvan mübariz komandadır, ancaq onların “İnter”ə məğlub olacağı gözlənilən idi.
“Bakı” – “Sumqayıt” 1:2- Mən “Sumqayıt”ın nəticələrini təsadüfü saymıram. Sadəcə, bu klubda gənclərə şans verirlər, onlar da var güclərini ortaya qoyub özlərini sübut etməyə çalışırlar. Həmin uşaqlar dərk edirlər ki, Azərbaycanda yerli oyunçu qıtlığı var. Ona görə də, daha həvəsli oynayırlar. Bu oyunda “Sumqayıt”ın qələbəsini gözləyirdim. Çünki “Bakı”dakı gənclərin Premyer Liqa təcrübəsi yoxdur.
AZAL – “Qarabağ” 0:3- “Qarabağ”ın oyununu izləyəndə adam zövq alır. Bu komandada futbolçular bir-birini gözüyumlu başa düşürlər. Onların heyətində hətta bəzi futbolçular Avropa standartlarına cavab verirlər. Qurban Qurbanovun komandasının bu oyunda qələbə qazanması mənim üçün gözlənilməz olmadı. AZAL yeni yığılıb, məşqçiləri də gəncdir. Onlara bir qədər vaxt vermək lazımdır. Tərlan Əhmədov AZAL-a yenilik gətirib. Ancaq bu qarşılaşmada ustalıq öz sözünü dedi. Mənə elə gəlir ki, çempionluq “Qarabağ”, “İnter” və “Neftçi” klubları arasında gedəcək.
Şahin OĞUZ
saytlarin hazirlanmasi