Öz aramızda qalsın, hamı bilsin YAZI

11:30 - 16 Sentyabr 2014

“Böyük oyun” məsələsini arxivə göndərmək olar

 

Yazı işığa çıxanda dəyərli oxucularımız “Neftçi” - “Xəzər Lənkəran” matçının nəticəsindən xəbərdar olacaqlar. Nəticə deyəndə ki, ya “Neftçi” udacaq, ya “Xəzər Lənkəran” evə qələbə ilə dönəcək, ya da əzəli rəqiblər hərəyə bir xal götürüb ayrılacaqlar. 

 

Onsuz da bundan sonra milli Premyer Liqamızda “Böyük oyun” olmayacaq. Narahat olmayın, sonuncu derbidə faciə yaşanmayacaq, hər şey qayda-qanun çərçivəsində baş verəcək və qəzasız-bəlasız keçinəcəyik, inşallah. Lakin məsələ başqadı. AFFA-mızın öz düşüncələri, uzaq və yaxın gələcəyə hesablanmış planları var. Futbolumuzun inkişafına və kütləviliyinə məsul olanlar “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı əzəli rəqabəti aradan qaldırmaq, bu iki klubun qarşılıqlı matçlarında yarana biləcək problemi həll etmək üçün yol fikirləşiblər. “Böyük oyun”-filan daha olmayacaq, heç oyun da olmayacaq. 

 

AFFA-dakılar boşuna oturub papaqlarını günə vermirlər e, atam-qardaşım, daim düşünürlər. Düşünən insan da əvvəl-axır yeni bir şey tapa bilir. Milli futbolumuzdan sorumlu olanlar da tapıblar. Deməli belə, AFFA-nın “Böyük oyun”la bağlı təptəzə kəşfinə görə, bundan sonra sən, mən, biz, yəni cümlə azarkeşlər iki əzəli rəqibin qarşılaşmalarını görə bilməyəcəyik. Növbəti dəfədən “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı matçları futbolçular mobil telefonla oynayacaqlar. Öz aralarında yəni...

 

Bəs, dünyanın nəhəng şirkətləri mobil telefonu niyə icad ediblər? Ancaq kiməsə “vızov” atmağa, yoxsa səhərdən-axşama qeybət etməyə, bəlkə gic-gic mahnılarla qulaq asmağa? 

 

Deməli, AFFA-nın yeni kəşfinə uyğun olaraq, yaxın keçmişlərə qədər “Böyük oyun” adını verdiyimiz qarşılaşmalar keçirilən gün bütün işlər mobil telefonla görüləcək. Tutaq ki, “Neftçi” növbəti hücumu qurmağa hazırlaşır. Qapıçı Stamenkoviç telefonda Denis Silvaya deyəcək ki, topu at Flavinyoya. Flavinyo da Vobaya xəbər verəcək. Təbii ki, telefonla. Tutaq ki, braziliyalı telefonda deyəcək, Vobay, qaqa, topu sənə göndərmişəm, gör nə edərsən. 

 

Bu zaman “Xəzər Lənkəran”da dinc durmayacaq, cənubluların əlindən telefonları yığışdırmayıblar ki?... Kapitan Rahid dərhal zəng edəcək Rəşada, deyəcək ki, diqqətli olun. Alfred Sanko Qalin İvanova telefon açacaq, deyəcək, topu göndərsəm nə edə bilərsən? Nə edəcək, Qalin də Ağabalanın nömrəsini yığıb ana dilində bir kaç kəlmə işlədəcək. Ağabala qardaşımız dərhal tərcüməçi Elvarın nömrəsinə zəng edəcək. Qol. Əla! 

 

Skarlatakenin öz meydançasından qaçıb “Neftçi”nin qapısı ağzında Kardoso ilə çənə-boğaz döyməyə də ehtiyacı olmayacaq. Cahangir Həsənzadə Tyaqonun nömrəsini yığıb deyəcək, “Caqa”dı danışan, qulağın məndə olsun, bu Mirhüseyn Seyidovdan heç gözüm su içmir, nə edək? Elnur Abdullayev oyunun gedişində bütün düşüncələrini telefonda Raufla bölüşəcək. Raufda da Əfranın nömrəsi var yəqin... 

 

Nə dava-dalaş olacaq, nə artıq-əskik söz-söhbət. Heç polislərin də stadionu üzük kimi əhatəyə almasına gərək qalmayacaq. Azarkeşlərin dava-dalaş salması da keçmişin acı xatirəsi kimi xatırlanacaq. Bundan yaxşı “Böyük oyun”?

 

AFFA-nın yeni kəşfindən sonra əzəli rəqiblər arasındakı “Böyük oyun” məsələsini arxivə göndərmək olar. “Böyük oyun”-filan olmayacaq. 

 

Heç oyun da olmayacaq...  

 

Etibar Cəbrayıloğlu/“Het-trik news” qəzeti

Xəbər xətti