Bahar Muradova “Qarabağ”ın oyununu izləyirəm, hesab edirəm ki, bu, hər bir azərbaycanlının borcudur"
“Mən hər zaman “Qarabağ”dan uğur gözləyirəm. Budəfəki oyunda da komandamıza uğur arzulayıram. Ən əsası bu uğuru qazanmaq əzminin olmasıdır. Bu gün “Qarabağ” komandasında bu əzm var. Mən onu dəyərləndirirəm və hesab edirəm ki, bəzən aşağı, bəzən yuxarı hesab, yaxud da heç-heçə qeydə alına bilər, əsas odur ki, komanda içərisində hər kəs öz oyununu yox, vahid komanda olaraq oyununu oynasın. “Qarabağ” belə oyun oynayan komandadır”.
Sportal.az xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova musavat.com-a Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın “Sent-Etyen”lə (Fransa) qarşılaşacağı oyununu şərh edərkən söyləyib.
Bahar Muradova stadiona getməyəcəyini və oyunu televiziya qarşısında seyr edəcəyini bildirib. O, gülərək “hələ ki, bizdə qadınların stadiona getmək təcrübəsi yoxdur. Amma televiziyadan izləmək daha rahatdır, nəinki stadiondan” – deyib.
Vitse-spiker Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun uğursuzluqları barədə danışmaq istməyib: “Mən daha çox “Qarabağ”ın oyununu izləyirəm, hesab edirəm ki, bu, hər bir azərbaycanlının borcudur. Hər kəsin bir sevimli komandası ola bilər. Amma Azərbaycan millisi və “Qarabağ” Azərbaycan adına və Qarabağ adına meydana çıxan komandalardır. Ona görə də onların oyunlarına baxmağa dəyər. O ki, qaldı məşqçilərə, qoy bu barədə peşəkar futbol mütəxəssisləri fikir söyləsin. Mən o dərəcədə futbol bilicisi olmadığımdan hansı məşqçinin peşəkar, yaxud qeyri-peşəkar olduğunu deyə bilmərəm”.
saytlarin hazirlanmasi